Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru, Ukraynanın Əməkdar müəllimi, Azərbaycanın “Dostluq” ordeni laureatı Valentina Antonenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident!
Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını böyük dövlət bayramı - Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfər Günü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Zati-aliləri, hər zaman bəxtiyar olun! Qoy Sizin müdrik rəhbərliyiniz altında ərazi bütövlüyü uğrunda mübarizə aparmış Azərbaycan xalqı daim xoşbəxt olsun!
Ölkənizə sülh, tərəqqi arzulayırıq. Sizə və doğmalarınıza möhkəm cansağlığı diləyirik. Şəxsən öz adımdan, liseyimizin bütün pedaqoji, valideyn kollektivi və 2300 şagirdi adından Sizə minnətdarlığımızı bildiririk".
***
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri!
Zəfər Günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Onilliklər ərzində işğal altında qalmış Azərbaycan torpaqları Sizin rəhbərliyinizlə şanlı Silahlı Qüvvələrin 2020-ci ildə 44 günlük müharibədə qazandığı tarixi Qələbə nəticəsində azad olundu. Bu qələbə həm də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına möhkəm zəmin yaratmışdır.
Beləliklə, Azərbaycan xalqının uzun müddətdən bəri arzuladığı Böyük Qayıdış nəhayət ki, reallığa çevrildi, ölkənin və xalqın tarixində yeni mərhələyə qədəm qoyuldu. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları istiqamətində göstərdiyiniz davamlı və yorulmaz səylərdə Sizə uğurlar arzulayırıq. Biz Azərbaycanın qazandığı nailiyyətləri təkcə ədalətin bərpası və beynəlxalq hüququn təsdiqi kimi deyil, həmçinin böyük milli ideyaya əsaslanan möhkəm birliyin və güclü liderliyin zəfəri kimi dəyərləndiririk. Biz, həmçinin inanırıq ki, bu böyük Zəfər və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tam bərpası regional sülh, sabitlik və əməkdaşlığın inkişafı prosesində dönüş nöqtəsi ola bilər. Regional təşkilat olaraq biz bu məqsədlərə dəstək və töhfə verməyə hazırıq.
Zati-aliləri, Azərbaycanın daha da güclənməsi və inkişaf etməsi, xalqın rifahının daha da yaxşılaşması prosesində Sizə böyük nailiyyətlər və yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, inkişaf və firavanlıq diləyirik".
***
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident!
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi təbriklərimi və dərin ehtiramımı çatdırıram. Azərbaycanın işğal altındakı torpaqlarının 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi bütün Türk dünyası üçün qürur və sevinc mənbəyi olmuşdur. Azərbaycan Bayrağı 30 illik işğala son qoyulduqdan sonra Qarabağda dalğalanır. Türk dünyasının nümayəndələrinin Şuşada bir araya gəlmələri Türk xalqlarının birliyinin və bu böyük Zəfərə verilən önəmin göstəricisidir.
Əsrlər boyu bütün çətinliklərlə birlikdə mübarizə aparan Azərbaycan xalqının Sizin rəhbərliyinizlə daha parlaq gələcəyə qovuşacağına, həmrəyliyinin daha da möhkəmlənəcəyinə inanırıq.
Zəfər Günü münasibətilə Zati-alinizi bir daha təbrik edir, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə cansağlığı arzulayıram.
Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".