İranın Xuzistan əyalətində hava çirkliliyinə görə noyabrın 7-dən 11-dək 2500 nəfərin xəstəxanaya müraciət etdiyi rəsmi mənbələr tərəfindən açıqlanıb. Bildirilib ki, xəstələnən hər 10 nəfərdən 1-i stasionar müalicə alıb. 

"Unikal" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xuzistan əyalətinin Əhvaz Cündişapur Tibb Elmləri Universitetinin prorektoru Meysem Muazi məsələ ilə bağlı açıqlama verib.

Muazi, 7-11 noyabr tarixləri arasında təxminən 2500 nəfərin hava çirkliliyi ilə bağlı xəstəliklər səbəbiylə xəstəxanalara axın etdiyini, xəstələnənlərin yüzdə 10-nun Xuzistandakı xəstəxanalara yerləşdirildiyini, qalanlarının isə ambulator müalicə aldığını bildirib.

Noyabrın 10-da xəstəxanalara müraciət edənlərin sayının digər günlərlə müqayisədə 40 faiz civarında artdığını qeyd edən Muazi, bu insanlar arasında xüsusilə ürək və ağciyər xəstələri və tənəffüs dərmanlarından istifadə edənlərin, həmçinin yaşlı və uşaqların olduğunu bildirib.

Muazi xüsusilə həssas qruplarda olan insanlara hava çirkliliyinin intensiv olduğu günlərdə evdən çıxmamağı tövsiyə edib.