Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.
“Unikal” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı suala cavabında bildirb.
O qeyd edib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir:
“Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir.
Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.
Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq”.