Xəbər verdiyimiz kimi, Azərbaycan noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan Vaşinqton görüşündən imtina edib. Bu barədə Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində bildirilib.
XİN-in bəyanatında həmçinin o da qeyd olunub ki, ABŞ-nin birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın mövqeyi tam olaraq düzgündür:
“Vaşinqton görüşündən imtina etməkdə düz etmişik. Mən dəfələrlə demişdim ki, birbaşa danışıqlar daha faydalıdır. Bizim Vaşinqtona, Moskvaya və yaxud Brüsselə getməyimizə ehtiyac yoxdur. Ermənistana da başa salmalıyıq ki, ən yaxşı variant bizim birbaşa danışıqlar aparmağımızdır.
Ona görə də, bir neçə ay əvvəl Azərbaycan sülh sazişinin layihəsinin hazırlanması ilə bağlı Ermənistana birbaşa təklif etdi. İndi isə gözləyirik, Ermənistan buna cavab verməlidir. Ermənilərin bunu qəbul edib-etməmələri öz işləridir. Onlar deyirlər ki, cavabı hazırlayırıq və göndərəcəyik. Baxmayaraq ki, Azərbaycan tərəfi layihə ilə bağlı düzəlişləri bir neçə ay əvvəl təqdim edib”.
Keçmiş nazir danışıqlarda üçüncü tərəfin iştirak etməsinin arzuolunan hal hesab edilmədiyini qeyd edib:
“Danışıqlarda üçüncü qüvvə olanda, yəni, ABŞ, Avropa İttifaqı və yaxud Rusiya tərəfi danışıqlarda iştirak edəndə, onlar da öz maraqlarını irəli sürürlər.
Onu da qeyd edim ki, sülh sazişi bağlasaq bağlayarıq, bağlamasaq da bizim üçün problem yoxdur. Biz sülh sazişi olmadan da yaşamışıq, yaşayırıq və yenə də yaşaya bilərik. Sülh sazişi daha çox Ermənistana lazımdır. Bu, onların milli maraqlarına daha uyğundur. Azərbaycan onsuz da inkişaf edir. Həm daxildə, həm də xaricdə öz işini aparır.
Əgər Ermənistan birbaşa danışıqlara hazırdırsa, görüşlər keçirək və sülh sazişini imzalayaq. İstəmirsə, sülh sazişi olmadan necə yaşayırdıqsa, bundan sonra da elə yaşayarıq”, - deyə o bildirib.
Murad İbrahimli