Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra birgə layihələri dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Caliber"ə diplomatik mənbələrdən məlumat daxil olub. 

Söhbət “Twinninq” adlanan layihələrdən gedir ki, bu layihə çərçivəsində Avropa rəsmiləri Azərbaycanın dövlət qurumlarına Avropa standartlarına uyğun necə işləmələri barədə “təlimatlar” veriblər. Bu sxem belə işləyir: Aİ ölkəsindən Twinninq üzrə məsləhətçi layihənin bütün icra müddəti üçün benefisiar ölkənin müvafiq dövlət qurumuna 12 aydan 36 aya qədər müddətə göndərilir və onun fəaliyyətini əlaqələndirir. Twinninq layihəsinin iş planına adətən qısa və orta müddətli ekspert missiyaları və təlim tədbirləri daxildir.
 
Maraqlıdır ki, bu layihələrin əksəriyyətinin başında Fransadan sonra ən qızğın ermənipərəst və anti-Azərbaycan mövqe nümayiş etdirən dövlət olan Litva dayanırdı. Beləliklə, Azərbaycan Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb.

“Bir çox hallarda Litva nümayəndələrinin hökumət fəaliyyətinin bu əsas sahələrində fəallığı və marağı əməkdaşlıq xəttini keçib və şübhə doğurub”, - deyə mənbə bildirib.

İsveç və Yunanıstanla miqrasiya sahəsində tvinninq layihəsi də dayandırılıb.
 
Azərbaycan tərəfinin yeganə istisnası Polşa və Finlandiya ilə layihələr üçün bu ölkələrin balanslı mövqeyinə görə olub.