Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraqın xarici işlər nazirinin ikitərəfli əlaqələr üzrə müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Unikal"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkəmizin tarixən etnik, dini və mədəni tellərlə bağlı olduğu İraq Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıran Y.Rəfiyev son zamanlar Azərbaycan-İraq münasibətlərində artan dinamizm, bu xüsusda 20 noyabr tarixində İraq Prezidenti Əbdüllətif Cəmal Rəşidin Azərbaycana ilk rəsmi səfərinin və səfər zamanı aparılmış danışıqların və imzalanmış sənədlərin bunun bariz nümunəsi olduğunu bildirib.
Y.Rəfiyev Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə irəli aparılmasının önəmini vurğulayaraq, qarşılıqlı səfər mübadilələrinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş zamanı iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək mexanizmlərinin davam etdirilməsi və qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iqtisadi-ticari, mədəniyyət, turizm, energetika, investisiya və digər müştərək maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi baxımından hökümətlərarası komissiyanın vacib mexanizm olduğunu vurğulayaraq, cari ilin dekabr ayında komissiyanın Bağdadda keçiriləcək növbəti iclasının səmərəli nəticələr verəcəyinə dair əminliklərini ifadə ediblər.