Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksəkrütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak etdiyi mərasimdə əvvəlcə hərbçilərin paradı olub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim edildikdən sonra Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının artıq ikinci dəfədir ki, güləş üzrə dünya çempionatına ev sahibliyi etməyinin sevindirici hal olduğunu bildirib.
Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede isə Azərbaycana bu turniri təşkil etdiyi üçün minnətdarlığını bildirib. Belə bir yarışın açılış mərasimində iştirak etdiyi üçün qürur hissi keçirdiyini vurğulayıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov isə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib.
Belə nüfuzlu turnirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, yarışların ən yüksək səviyyədə təşkil edilməsi böyük qürur hissi ilə diqqətə çatdırılıb.
Rəsmi çıxışlardan sonra güləş üzrə dünya çempionatı açıq elan olunub və açılış mərasimi bədii hissə ilə davam etdirilib.
Dünya çempionatında 18 ölkədən müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançı mübarizə aparır. Həmçinin yarışda 12 nəfərdən ibarət beynəlxalq dərəcəli peşəkar hakimlər qrupu yer alıb.
“İdmanla dostluq” devizi altında keçirilən yarış dekabrın 3-dək davam edəcək.