Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini (SAM) tədarük etməyə başlamaq niyyətindədir. 

"Unikal" xəbər verir ki, bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Ermənistana çatdırılmaların yaxın bir neçə ay ərzində başlanması gözlənilir”, - mənbə bildirib. Agentliyin məlumatına görə, Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb.

“Bu arada, bir çox ölkə, o cümlədən Braziliya, Misir və Filippin “Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir”, – agentlik bildirib. 

*** 18:47

Ermənistan Hindistandan anti-dron sistemi sifariş edib.

"Unikal" xəbər verir ki, bu barədə İranın “ANA” saytı məlumat yayıb.

Ermənistan hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək və dronlara qarşı mübarizə aparmaq üçün Hindistan istehsalı olan “Akaş” raketdən müdafiə sistemi sifariş verib. 

Məlumata görə, Ermənistan Hindistan silahlarının ən böyük idxalçılarından birinə çevrilib və hesabatlarda bu ölkənin Hindistandan “Akaş” qısa mənzilli raketdən müdafiə sistemi sifariş etdiyi bildirilir.

Qeyd olunub ki, dünən “Masis Post” saytı bu barədə yazıb: "Həssaslıq səbəbindən bu məsələni rəsmi olaraq heç kim təsdiqləməyib, lakin mövcud sənədlər sifarişin artıq verildiyini göstərir".