Ukraynanın Avropa Birliyinə daxil olması icma üzvlərinə əlavə 150-190 milyard avroya başa gələcək ki, bu da onların iqtisadiyyatına “ölümcül” ziyan vura bilər.

"Unikal" xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban TV2 telekanalına müsahibəsində , dekabrın 14-15-də Brüsseldə keçirilən sammitdə Kiyevin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının əleyhinə olduğunu xatırladaraq bildirib.

“Avropa İttifaqı həqiqətən də Ukraynanı daxil etmək istəsə, əlavə olaraq 150-190 milyard avro toplamalı olacaq”, - deyə hökumət başçısı bildirib. Onun fikrincə, bu halda Avropa iqtisadiyyatı “öləcək”.

Orban qeyd edib ki, Ukrayna Aİ-yə qəbul olunarsa, hazırda bütün Mərkəzi Avropa ölkələrinə, o cümlədən Macarıstana verilən yardım həcmində yardım almaq hüququ qazanacaq. “Biz macarlara məxsus pulun Ukraynaya köçürülməsini asanlaşdırmaq istəmirik”, o vurğulayıb.

Bununla əlaqədar olaraq, baş nazir xəbərdarlıq etdi ki, Ukraynaya yardımı müzakirə etmək üçün yanvarın sonu və ya fevralın əvvəlində baş tutacaq fövqəladə Aİ sammitində "ildırım və şimşək" gözlənilir. O, həmkarları ilə əvvəlki görüşdə Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə dörd il ərzində Kiyevə 50 milyard avro ayrılmasını nəzərdə tutan düzəlişləri əngəlləyib.

Orban həmçinin təsdiqləyib ki, o, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı mövqeyini dəyişməyib və belə bir addımı vaxtından əvvəl və təhlükəli hesab edir. Onun sözlərinə görə, Avropa İttifaqı genişlənmə prosesində “heç vaxt müharibə vəziyyətində olan ölkə ilə danışıqlar aparmayıb”. Baş nazir əlavə edib ki, Ukraynanın qoşulacağı təqdirdə “Rusiyanın hazırda sahib olduğu ərazilərin də Aİ-nin bir hissəsi hesab edilib-edilməyəcəyi” tamamilə bəlli deyil.

O qeyd edib ki, Ukrayna münaqişəsi son bir ildə avropalıları narahat edən üç problemdən biridir. O, digər ikisini Yaxın Şərqdəki münaqişə və qeyri-qanuni miqrasiya səbəbindən terror təhlükəsi adlandırıb.