Döyüş meydanına çevrilmiş Bakı
04:05 11-04-2012
CƏMİYYƏT
Döyüş meydanına çevrilmiş Bakı
Yollardakı çalalar insanların əsəbləri ilə oynayır, avtobusda belə yırğalanmadan getmək mümkün deyil
Son illər Bakıda aparılan inşaat və yenidənqurma işləri demək olar ki, şəhər əhalisinin əsəblərini gərməyə başlayıb. Bir tərəfdən səbr edib, dözməyi üstün tutsalar da, digər tərəfdən bu uzanmanın davam etməsinə səbr edə bilmirlər. Elə buna görədir ki, şəhərin hər yerindən insanların şikayətlərinin ardı-arası kəsilmir.
Vəziyyət belədir ki, paytaxtın hər yerində yollar bərbad vəziyyətdədir. Bir neçə iri küçəni çıxmaqla, yerdə qalanların durumunun hansı şəkildə olmasını bilmək üçün bircə dəfə ya maşina, ya da avtobusa oturub gəzmək kifayət edir. İnsanları əsəbləşdirən isə odur ki, bir çox təmir-bərpa işləri başa satsa da, yolların ortasındakı çuxurlar hələ də qalır. Xüsusən də avtobusla hərəkət edərkən, atılıb-düşmələri onları lap hövsələdən çıxarır.
Şəhərin mərkəzi hissələrindən biri sayılan "Gənclik" metrosunun ətrafı isə daha vahiməlidir. Bir tərəfdən Həsən Əliyev küçəsində şıdırğı təmir gedir, digər tərəfdən də mərkəzi meydanda yeni körpünün inşası üçün son hazırlıq işləri görülür. Yollar isə həm çuxurlarla doludur, həm də tıxacların əlindən zara gəlinir. Söhbət etdiyimiz şəhər sakinləri isə deyirlər ki, onların tikinti işlərinə heç bir etirazları yoxdur. Lakin yolların bu şəkildə olmasına da göz yuma bilmirlər. "Bunlar bütün işləri birdən görürlər. Sanki dünyanın axırıdır. Şəhərin hər yerində tıxacdır, hərəkət eləmək olmur. Yolların vəziyyəti də göz qabağındadır. Maşın o qədər silkələnir ki, adamın içi-içalatı bir birinə qarışır".
Bir başqa problem isə Səməd Vurğun küçəsində yaşanır. Oradan keçərkən məlum oldu ki, şəhərin ən aparıcı küçələrindən olan bu yolun vəziyyəti heç də yaxşı deyil. Xüsusən də Təzə Bazar deyilən ərazinin qarşısı acınacaqlıdır. Hər yerdə qazıntı işlərinin aparılması, yekunda isə qazılan yerlərin üzərinin asfaltlanmaması durumu daha da ağırlaşdırır. Bazarda işləyənlər belə deyirlər ki, hər gün toz udmaqdan beziblər. "Bunların gördükləri iş sayəsində göyə qalxan tozu udmaqdan ciyərlərimiz xarab olub. Nə zaman bitəcək bu işlər?"
Gənclikdən 7-ci mikrorayona gedən yol isə danışılası dərdlərdən deyil. İllərdir eyni vəziyyətdə olan bu yolda qazılmayan yer, olmayan çuxur qalmayıb. 10 saylı avtobusla gedən sakinlər deyirlər ki, bu yollar illərdir eyni vəziyyətdədir. Məsələ ilə bağlı aidiyyatı qurumların işlər görməməsinə isə təəccüb edirlər. "İllərdir bu yollar gördüyünüz kimidir. Nə düzəldirlər, nə də yamaq vururlar. Avtobusla belə getmək olmur. İnsanlar problem içindəykən bir də çalaların əlindən zülüm çəkərək, əsəblərini korlayırlar. Buna son deməyin vaxtı çatıb".
Ayna Sultanovanın heykəlinin yanından 3-cü mikrorayon dairəsinin bir addımlığına qədər yollar da bərbaddır. Prospekt başdan-başa çala-çuxur olduğundan qardan sonra hər yer palçıqla örtülüb. Amma bu deyilənlər Teymur Əliyev küçəsinə aid deyil. Çünki orada məmurlar yaşayırlar.
2010-cu ildə yenidən qurulan Nobel prospektində də vəziyyət ürəkaçan deyil. Prospektə salınmış asfalt yolda sonuncu qardan sonra saysız-hesabsız çatlar yaranıb. Səməd Vurğun və 28 may küçələrində də analoji haldır. Burada da irili-xırdalı xeyli çalalar var. Ən dəhşətlisi odur ki, Bakının əsas meydanı olan Azadlıq meydanının asfalt döşəməsi də acınacaqlıdır.
Yollarda çalaların və çatların çoxluğu tıxacların yaranmasına gətirib çıxarır. Çünki belə hallarda küçələrdə avtomobillər çox aşağı sürətlə hərəkət edir. Bundan əlavə, yollardakı çalalar qəzalara da yol açır.
Yol kəsişmələrində, dörd yol ayrıclarında kanalizasiya xətlərinin yoxluğu durumu ağırlaşdıran səbəblərdəndir. Xarici ölkələrdə yollar salınmamışdan öncə onların altında su, kanalizasiya, rabitə, qaz, elektrik və digər kommunikasiya xətləri çəkilir. Sözügedən sistemlərin hər hansı birində problem yaşananda işçilər yeraltı şaxtalar vasitəsilə problemi həll edirlər. Azərbaycanda şəhərsalma qanunlarına əhəmiyyət verilmədiyindən yeraltı şaxtalar da yoxdur. Ona görə də problem olanda yollar qazılır və aylarla əhali əziyyət çəkməli olur.
Qeyd edək ki, son 100 ilin ən ağır şaxtasından çıxan Bakı yolları bərbad günə düşməsi faktdır. Yeni asfalt çəkilən yollar dağılıb, buz bağlamış yollar sıradan çıxıb, dəhşətli tıxaclar əmələ gəlib. Şəhərin Bakıxanov, Şərifzadə, Qara Qarayev, Babək, Neftçilər, Mətbuat prospektlərindəki yollarda çatlar əmələ gəlib. Hətta əsaslı təmir olunmuş Heydər Əliyev prospektində də bu problemlər var. Bakının Yasamal rayonundakı Zərdabi küçəsi də acınacaqlı durumdadır. Sakinlərdən biri deyir ki, 2011-ci ilin yayından başlayaraq Zərdabi küçəsində "Qələbə" kinoteatrının qarşısından metronun "20 Yanvar" stansiyasınadək olan ərazidə təmir işləri aparılırdı. "4 ay sonra işlər başa çatdırılsa da, yol boyunca böyük çalalar hələ də qalmaqdadır. Bu üzdən hər gün küçəgə böyük tıxac əmələ gəlir. Tusi və Topçubaşov adına xəstəxanaların qarşısı da eyni vəziyyətdədir".
Məsələyə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev münasibət bildirib. O, Bakıda paytaxtın görünüşünün yenilənməsi məqsədilə təmir-tikinti işlərinin aparıldığını xatırladıb: "Hazırda bir sıra küçələr təmirə bağlanıb, küçələrdə yeni asfalt örtüyünün çəkilişi, kommunikasiya xətlərinin yenilənməsi işləri aparılır. Qeyd etdiyiniz ünvandakı yol da qaydaya salınacaq. Ora asfaltlanacaq. Bunun nə vaxt olacağını deyə bilmərəm. Amma Bakı küçələrində bütün çalaların, qazılmış yerlərin asfaltlanacağını söyləyə bilərəm".
"Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım" İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov isə deyir ki, Bakı yollarının bu günə düşməsi məhz onların keyfiyyətsiz olması ilə bağlıdır: "Şaxtalar bir daha sübut etdi ki, bizim yol çəkmək qabiliyyətimiz yoxdur. Yağışlı-qarlı başqa ölkələrdə, məsələn, Rusiyada və Şimali Avropa ölkələrində yollar əsasən şaxtalı havalarda yola səpilən duzlar və ya başqa kimyəvi qatışıqlar üzündən dağılır. Amma bizdə yollara nə qum, nə də duz səpdilər, bu, yalnız mərkəzi küçələri əhatə etdi".
"Şəffaflıq və Bərabərlik" İctimai Birliyinin rəhbəri Hafiz Babalı deyib ki, Bakıda şəhərdaxili yollar çəkilərkən şirkətlər ucuz asfalta qaçırlar: "Nəticədə bu şirkətlərin ucuz asfaltla çəkdiyi yollar şaxtalara dözmür və dağılır".
Ekspertlərin başqa bir iradı isə asfaltın qruntun üzərinə soyuq tökülməsi ilə bağlıdır. Onların fikrincə, keyfiyyətli yol əldə etmək üçün asfalt yola 120-130 dərəcə altında tökülməli və həmin temperatur altında preslənməlidir. Bunun üçünsə zavoddan 160 dərəcə altında çıxmalıdır.
Qeyd edək ki, hazırda Qərb ölkələrində 180 dərəcə altında tökülən asfalt texnologiyası tətbiq edilir. Bu cür asfaltın şaxtaya və ağırlığa dözümü daha artıqdır. Belə yol 10 dərəcə şaxtaya dözür və istismar müddəti 30 ilə qədərdir. Azərbaycanda isə hələ ki, bu texnologiyadan körpülərin üzərinə asfalt tökərkən istifadə edilir. Bu üsulun geniş yayılmasını bahalılığı ilə izah edirlər.
Amma araşdırdıqda Azərbaycan yollarının da elə ucuz olmadığı ortaya çıxır. Bizdə elə yollar var ki, kilometri 10 milyon manata başa gəlib. Məsələn, aeroport yolu. Amma ABŞ-da 1 kilometr dördzolaqlı yolu 6 milyon dollara, Almaniyada isə 8 milyon avroya çəkirlər.
Bu arada bir vətəndaşın qeydləri olduqca diqqətçəkəndir. O deyir ki, nə yaxşı, Londonun havası Bakı üçün keçərli deyil. "O qədər sevinirəm ki, Bakıya hər gün yağış yağmır. Bir gün paytaxta yağış yağdı, aləm bir-birinə dəydi... İlk növbədə tıxac... Yəqin siz də fikir vermisiniz. Eyni yolu, eyni zaman kəsiyində yağmurlu və yağmursuz havada keçdiyinizdə vaxt fərqi olur. Yağışlı havada avtomobillərin ümumi hərəkət sürəti aşağı düşür. Bunu təhlükəsizliklə izah etmək olar. Amma bu ciddi arqument deyil".
Həmin vətəndaş daha sonra qeyd edir ki, burada yolların lazımi vəziyyətdə olmaması əsas amildir. "Bərbad kanalizasiya sistemi, oval şəklində yolların az olması yağış sularının məhz yolun ortasında yığışıb qalmasına gətirib çıxarır. Birtəhər borc-xərc pul yığıb bahalı avtomobil (məhz bahalı) alan vətəndaş da bilmir ki, o suyun altındakı üstüaçıq lyukdur, yoxsa yarım metr dərinliyində çala! Ona görə də maksimum çalışır ki, avtomobili həmin gölməçənin içindən sağ-salamat çıxarsın. Arxada isə 100-lərlə işdən çıxıb evinə tələsən hövsələsiz sürücü dayanıb. Onlar nə qədər tələssələr də, özləri də həmin yerdən elə keçəcəklər... Odur ki, səsimin yetmədiyi, ünümün çatmadığı yerlərə səslənmirəm... Bakı təkcə Neftçilər, Nobel və Cavid prospektindən ibarət deyil. Elə mikrorayonlar da, digər qəsəbələr də Bakıdır! Bu yolları bərbad olan qəsəbələrdə yaşayanlar da bakılıdır, azərbaycanlıdır. Ən maraqlı məqam isə yağışın bitməsindən sonra baş verir. Yağmurdan sonra çıxan göbələklər kimi yollarda çala-çuxurlar yaranır. Yenə həmin səbəb, yenə həmin problem... Qarşıdan isə qış gəlir. Bizi nələrin gözlədiyini özünüz təsəvvür edin".
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00