Xarici Kəşfiyyat Xidmətinin rəhbəri müxalifət liderinin ölümünə münasibət bildirib.

"Unikal" xəbər verir ki, Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin “Soloviev Live” YouTube kanalına müsahibəsində bildirib ki, müxalif siyasətçi Aleksey Navalnı həbsxanada təbii səbəblərdən dünyasını dəyişib. Kəşfiyyat xidmətinin rəhbərinin sözlərinə görə, fərqli versiyanı təsdiq edəcək başqa faktlar yoxdur.

Narışkin həmçinin bildirib ki, Qərb ölkələri Navalnının “tabutu ətrafında şeytani rəqslər” ediblər. Üstəlik, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri hesab edir ki, Avropa və ABŞ siyasətçinin ölümünə “əxlaqsız, əsassız" reaksiya verib.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı həbsxanada dünyasını dəyişib. Rəsmi versiyaya görə, o, gəzintiyə çıxarkən özünü pis hiss edib, daha sonra siyasətçidə qan laxtalanıb. Navalnının 47 yaşı var idi.
.