Türkiyədə 2014-cü il oktyabrın 6-8-də PKK terror təşkilatının tərəfdarları tərəfindən başladılan və Xalqların Demokratik Partiyasının (HDP) çağırışları ilə daha da alovlanan qarşıdurmalarda şübhəli bilinənlərlə bağlı davam edən məhkəmə prosesi bu gün yekunlaşıb.

"Unikal" xəbər verir ki, ölkənin 35 vilayətində baş verən qarşıdurmalar 37 nəfərin ölümünə səbəb olmuşdu. Hadisələrdə təqsirli bilinənlər arasında Mardin Böyükşəhər bələdiyyəsinin sədri Əhməd Türk və HDP-nin təsisçi sədri Səlahəddin Dəmirtaş da var.

Qərara əsasən, Əhməd Türk "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 10, Səlahəddin Dəmirtaş isə 47 ayrı cinayətə görə ümumilikdə 42 il həbs cəzasına məhkum ediliblər.

Hadisə ilə bağlı açılan iş üzrə 108 müttəhim barəsində ittiham aktı hazırlanıb, 83 məhkəmə prosesi keçirilib.