Rusların Xarkov istiqamətində sərhədi keçməsinə imkan verən əsas səbəb hava hücumundan müdafiə sisteminin olmamasıdır. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib. 

"Rusların sərhədi keçməsi ona görədir ki, onlar üstünlük əldə etdikləri məsafədə hava bombalarından, artilleriyadan istifadə edirlər... Tərəfdaşların qərar qəbul etməsində 8 aylıq fasilə əsgərlərimiz üçün asan olmadı", - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, rusların hədəfi Volçanskdır: "İşğalçıların ən dərin irəliləmə nöqtəsi 10 kilometrdir, lakin bu gün üçün əsas odur ki, vəziyyət Müdafiə Qüvvələrimiz tərəfindən sabitləşdirilib".

Prezident qeyd edib ki, Xarkov vilayətində üç müdafiə xətti qurulub və ruslar hələ onların ən mürəkkəbinə belə yaxınlaşmayıb, yalnız birincidə dayanıblar: "Heç kim konkret müdafiə xəttinə çatmayıb, onların dedikləri boş şeydir, düşmən birinci xəttə çatıb".

Ağarza Elçinoğlu