UNEC rektoru professor Ədalət Muradov “İxtisas üzrə Minor Təhsil Proqramı”nı uğurla bitirən tələbələrlə görüşüb.

"Unikal" xəbər verir ki, proqramın ilk məzunlarını təbrik edən rektor, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məzunların məşğulluğunun universitet üçün əsas prioritetlərdən olduğunu vurğulayan rektor, 2021/2022-ci tədris ilindən başlayaraq, həyata keçirilən “İxtisas üzrə Minor Təhsil Proqramı”nın məzunların əmək bazarına çevik uyğunlaşmasını təmin etmək məqsədi daşıdığını bildirib.

Rektor ömürboyu təhsilin, sertifikat proqramlarının getdikcə daha da dəyər qazandığını  gənclərin diqqətinə çatdıraraq, onlara daima bilik və bacarıqlarını yeniləmələrini tövsiyə edib.

Sonra tələbələr proqramla bağlı təəssüratlarını bölüşüblər. Dünyanın aparıcı universitetlərində tətbiq olunan Minor proqramının UNEC-də reallaşdırılmasını, digər ixtisas üzrə də müvafiq sertifikatlar əldə edə bilmələrini böyük üstünlük kimi qiymətləndiriblər. Məzunlar proqram çərçivəsində əldə etdikləri biliklərin onların gələcək əmək fəaliyyətlərində önəmli olacağından əminliklərini ifadə ediblər.

Tələbələr proqramın daha da təkmilləşdirilməsi istiqamətində təkliflər də səsləndiriblər.

Sonda isə tələbələrə “Minor” sertifikatları təqdim olunub.