Rusiya Federasiyası Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün öz platformasını təqdim etməyə və onlar üçün ən rahat şərait yaratmağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O, Azərbaycan liderinin Ermənistanla sülh müqaviləsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Rusiya hələ 2022-ci ildə davamlı və uzunmüddətli sülhə nail olmaq üçün ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb.: "Yəni bizim yanaşmamız nəinki sabitdir, o, həm də ölkəmizin imzaladığı sənəddə qeyd olunub ki, bu cür yardımın həcmi və forması danışıqlar aparan tərəflərin hər biri üçün məqbul olmalıdır. Rusiya Sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqlarının raundlarına ev sahibliyi edib".
Diplomat qeyd edib ki, Moskva hər iki nümayəndə heyətinin üstünlük verdiyi ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət verir: "Biz müttəfiqlərimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik və davamlı iqtisadi inkişaf arxitekturasının qurulması üçün ilkin şərt hesab edirik".
O, qalan fikir ayrılıqlarının tezliklə həllinə və ən yüksək səviyyədə ikitərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər sahələrində uğurlu irəliləyişin olacağına ümidvar olduğunu bildirib.
Ağarza Elçinoğlu