Argentina, Peru və Kosta-Rika Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun seçkilərdəki qələbəsini tanımaqdan imtina edib.
"Unikal" xəbər verir ki, Argentina prezidenti Xavyer Miley sosial şəbəkədə yazıb:
"Argentina saxtakarlığı tanımır və Silahlı Qüvvələrin demokratiyanı və xalqın iradəsini müdafiə edəcəyinə ümid edir".
Onun belə bir bəyanatla səsvermənin nəticələrinin rəsmi açıqlamasından əvvəl çıxış etməsi diqqət çəkib.
"Mən Venesuela hökuməti tərəfindən fırıldaqçılıq məqsədi ilə baş vermiş pozuntuların məcmusunu qəti şəkildə pisləyirəm", - deyə öz növbəsində Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea "X"da yazıb.
Bunun fonunda Peru hökuməti Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Kosta-Rika hökuməti də prezident Rodriqo Çavesin bəyanatını dərc edib, bu bəyanatda respublika hakimiyyətinin Maduronun Venesuela prezidenti elan edilməsini qəbul etməkdən imtina etdiyi bildirilir.
Bundan əvvəl Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun protokolların 80%-ni işlədikdən sonra qalib gəldiyi bildirilirdi.
Xatırladaq ki, Venesuela hökuməti bəzi ölkələrin prezident seçkilərinə və xalqın öz müqəddəratını təyinetmə hüququna müdaxilə etdiyini bəyan edib. Argentina, Kosta-Rika, Ekvador, Panama, Paraqvay, Peru və Uruqvay daha əvvəl bəyanat yayaraq, müşahidəçilər tərəfindən nəzarət edilən səslərin şəffaf sayılmasını tələb ediblər. Venesuela hökuməti bu bəyanatı, eləcə də müxtəlif ölkələrdən olan bəzi sağçı siyasətçilərin sözlərini “dinc yolla ifadə edilənləri təhrif etmək” məqsədi daşıdığını hesab edib.
Gülayə Mecid