Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda sentyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.
"Unikal" xəbər verir ki, sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon bələdiyyəsinin akt zalında vətəndaşlarla görüşdü. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkə Prezidenti cənab İlham Əliyevin son illərdəki misilsiz fəaliyyəti, xüsusən də Qarabağın azad edilməsi və bərpası istiqamətində görülən tarixi işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Bildirildi ki, cənab Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.
Növbə ilə söz alan vətəndaşlar küçələrin işıqlandırılması, ağacların budanması, mənzillə təminat, sosial yardım, evlərin su təchizatı və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi. Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına və xidmət sahələrinin rəhbərlərinə birbaşa göstərişlər verildi.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri dinlədi, problemlərinin həllinə dair göstərişlər verdi