Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs Təhməzov Şahin Vaqif oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, məhkəmə prosesində hazırda Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində işləyən Aydın Rəhimov şahid qismində ifadə verdi: "Bakı Şəhər Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun müdiri vəzifəsində işlədiyim dövrdə, 2022-ci ildə həmin cəzaçəkmə müəssisəsində yerləşən məktəbdə yoxlama aparan zaman qüsurlar aşkar etdik. Saxta əmrlər  imzalanmışdı, orda akt tərtib olundu və Elm Və Təhsil Nazirliyinə ünvanlandı. Bizim tərəfdən aşkar olundu ki, həmin 20 nömrəli məktəbdə  tədrisə cəlb olunma zəif idi və yaxud ümumiyyətlə yox idi. Orda tədris məşğələlərində iştirak edən yox idi. Sinif otaqları siyahı üzrə olan tələbə sayına uyğun deyildi. Tədris alanlarla tanış olmaq istədikdə belə tələbələr demək olar yox idi. Müəllimlərin işə gəlib-gəlməmə amilini ehtimal etdik, dəqiq deyə bilmərəm kimlər konkret işə gəlib, ya yox. Orda bəzi işçilərin izahatı alınmışdı. Mənə təqdim olunan Nazirliyin göndərdiyi məktubda işçilərin davamiyyəti yoxdur. 

Təqsirləndirilən şəxsin vəkili Əbili Həsənov şahidə bəzi suallar ünvanladı:

Əbili Həsənov- Siz yoxlama aparan vaxtı həmin texniki işçilərin işə gəlib-gəlməməsi ilə bağlı davamiyyəti yoxladınız?

Aydın Rəhimov- Bəli, biz yoxlama aparan zaman işçilərin işə gəlmə davamiyyəti birmənalı olaraq yoxlanılır və onun əsasında işlərimizi görürük. 

Əbili Həsənov- Siz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəndə yazmısız ki, Şahin Təhməzov 90 min manat yeyinti edib. Həmçinin yazısız ki, işçilərin adları tabeldə olsa da işə gəlməyiblər. Bu sizin şikayət məktubunda yazılıb. Bunu hardan götürmüsüz?

Aydın Rəhimov- Biz ancaq yoxlama əsasında tərtib etdiyimiz aktı əsas götürmüşük. Şikayəti də sənədə əsasən tərtib etmişik. 

Sonra təqsirləndirilən şəxs Şahin Təhməzov o zamanlar rəhbərlik etdiyi məktəbin şəraitinin bərbad olmasını bildirdi, işçilərdən danşıdı. Həmin 8 nəfər texniki işçi vaxtlı-vaxtında işə gəlib- gedirdilər.

Növbəti məhkəmə prosesi 23 oktyabr tarixinə təyin edildi.

Xatırladaq ki, Şahin Təhməzov onda ittiham olunur ki, cəzaçəkmə müəssisənin daxilində fəaliyyət göstərən məktəbə bəzi əməkdaşları işə götürüb, ancaq onlar işə gəlməyib və Şahin Təhməzov dövlət tərəfindən məktəbə ayrılan 84 min manatı bir neçə il ərzində mənimsəyib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli