"Bizim gördüyümüz odur ki, təhsil sahəsində bəzən aparılan kor-təbii islahatlar təhsilin səviyyəsinin qalxmasına deyil, aşağı düşməsinə aparıb çıxarıb. Bu gün problemi açıq-aydın görürük".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, təhsil sisteminə yenidən baxmalıyıq:
"Təhsil sisteminin dəyişməsinə, milli istiqamətə yönəlməsinə baxmalıyıq. Düşünmürəm ki, bizim təhsil sistemində çıxarılası fənlər var. Hər bir fənn təhsil sistemimizdə önəmlidir, bunlar təsadüfən ora salınmayıb. Belə ki, araşdırılıb, öyrənilib və onun əsasında salınıb. Tədris ilində bir semestrdə 5-6 fənn tədris olunur. Əslində bu fənlər tələbələr üçün yetərli bilik almağa bəs etmir. Bir müddət əvvəl tarixi, fəlsəfəni azlatdıq. Bunun fəsadını yaşayırıq. Bunları necə təkmilləşdirə biləcəyimiz barədə düşünməliyik. İngilis dilini orta məktəbdə 11 il, sonra isə universitetdə bir neçə il keçirik. Amma tələbələr xarici dili bilmir. Kimsə düşünürsə ki, hansısa fənni çıxarmaqla bu düzələcək, mən belə hesab etmirəm. Bununla bağlı qərarlar hansısa fərdin rəyi əsasında qəbul edilməli deyil. Bu, ciddi araşdırılmalı və onun əsasında proses həyata keçirilməlidir".
Deputat düşünür ki, universitetlərdən hansısa fənləri çıxarmaq yox, əlavə fənlər daxil edilməlidir: "Bugünkü fənlər, bilgilər, məlumatlar yetərli deyil. Bu məsələ çox həssas və önəmlidir. Biz bu məsələdə diqqətli olmalıyıq. Tələskənliyə yol verərək sonradan peşman olmalı deyilik. Bəzi sahələr üzrə yeni fənlərə ehtiyac var ki, bu barədə ciddi düşünməliyik".
Qeyd edək ki, bir neçə gün əvvəl keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı ali təhsil müəssisələrində bəzi fənlərin keçirilməməli olduğunu bildirib.
Anar Kəlbiyev