Oktyabrın 17-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Əbədi və dönməz müstəqilliyimiz” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, tələbələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra "Müstəqilliyin bərpası günü" filmi nümayiş etdirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, müstəqilliyimizin bərpasının 33-cü ildönümü və 17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə təbrik edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və 17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə səmmi ürək sözlərini, təbriklərini çatdırıb. Geniş məruzə ilə çıxış edən icra başçısı bildirib ki, bildiyimiz kimi, 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. R.Rzayev bildirib ki, məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində bu gün yaranmasının 33 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyini qoruyub saxlaya bildik. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli Ümummilli Lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyuldu.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxışına Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün “Azadlıq” şeirinin məşhur misraları ilə başlayıb.
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai fənlər kafedrasında tarix müəllimi, Əməkdar müəllim İndira Vəliyeva ölkəmizin müstəqillik tarixinə qədər keçdiyi keşməkeşli yollardan danışaraq qeyd edib ki, 1991-ci ildə yenidən müstəqil dövlətimizi dünyaya bəyan etdik.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova çıxış edərək müstəqilliyimizin əbədi, dönməz, sarsılmaz olmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Bakı Dövlət Universitetinin Qazax filialında Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbəsi Allahverdi Süleymanov çıxış edərək bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz islahatlardan danışıb.
Tədbir Qazax Rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin VII sinif şagirdləri Zeynəb Alıyevanın “Azərbaycan”, Əli Süleymanovun “Gözün aydın Azərbaycan” şeirlərini səsləndirmələri ilə başa çatıb.