Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisasının 3-cü kurs tələbəsi Həsən Abbasov və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının builki məzunu Niyyət Rzayevin təmsil olunduğu “A4TB” komandası “Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda keçirilən “JunctionX Baku 2024” hakatonunda “Urban Climate resiliance challnge” üzrə ilk yeri tutub.
"Unikal" xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil edilən bu tədbir qlobal “Junction” hakaton hərəkatının bir hissəsidir və gənc texnologiya həvəskarları arasında innovasiyaları təşviq edir.
COP29-a uyğun olaraq şəhər iqlim dözümlülüyü, emissiyaların azaldılması və dövri iqtisadiyyat texnologiyaları istiqamətlərini əhatə edən hakatona 100-dən çox tələbə qatııb və 41 komanda süni intellektdən istifadə edərək ekoloji problemlərin həllinə yönəlmiş layihələr hazırlayıblar. Yekun olaraq isə hazırladıqları layihə ilə “A4TB”, “Black Team” və “Evergreen”komandaları qalib adını qazanıblar.
“A4TB” komandasının innovativ süni intellektlə işləyən mobil tətbiqi Lesgo şəhər hərəkətliliyində inqilab etmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə ərsəyə gəlmiş bir layihədir.
Qeyd edək ki, adları çəkilən BMU tələbələrinin təmsil olunduğu komanda bu ay, həmçinin “Azərkosmos” və Codelandia Akademiyanın birgə təşkilatçılığı ilə keçirilən “GeoPark Innovate Hackathon: Milli Parklarda Rəqəmsal İnnovasiyalar" hakatonunda 3-cü yeri qazanıb.