Məlum olduğu kimi, “Muğanbank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.
Fonddan "Unikal"a verilən məlumata görə, LPO “Muğanbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 1 noyabr 2023-cü il tarixdə KİV-lərdə dərc edilib.
“Əmanətlərin sığortalanması haqqında” Qanununun tələblərinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən LPO “Muğanbank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 1 noyabr 2024-cü ildə bitir. Bildiririk ki, kompensasiyaların ödənilməsi "Kapitalbank" ASC və "ABB" ASC vasitəsilə həyata keçirilir.
Bildirilib ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 (beş) il müddətində saxlanılır.
Əlavə olaraq qeyd edirik ki, ötən ilin noyabr ayının 27-dən cari ilin oktyabr ayının 18-dək LPO “Muğanbank” ASC-nin 7434 əmanətçisinə 198,278,930.92 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənişi həyata keçirilib.