"Noyabrın 12-də Bakı şəhərində keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bir sıra mühüm məqamları əhatə edir. Bu mötəbər tədbir, iqlim dəyişikliyi ilə mübarizənin beynəlxalq səviyyədə müzakirə olunduğu ən önəmli platforma kimi diqqət çəkir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Millət vəkilinin sözlərinə görə, dövlətimizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə fəal iştirakını və bu sahədə təşəbbüslərini vurğulayan cənab İlham Əliyev, həmçinin Azərbaycanın yenilənə bilən enerji və davamlı inkişaf siyasətinin ölkənin strateji prioritetləri arasındadır:
"İqlim dəyişikliklərinin yaratdığı təhlükələrin yalnız milli deyil, qlobal məsələ olduğunu qeyd edən Azərbaycan Prezidenti, bütün dövlətlərin əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və ölkənin etimadlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisi kimi dəyərləndirilir. Bu tədbir perspektivdə ölkəyə minlərlə ziyarətçi gətirəcək və Azərbaycanın turizm, iqtisadiyyat və qlobal nüfuzuna töhfə verəcək.
İqlim dəyişikliyi ilə mübarizənin yalnız bir dövlətin səyi ilə deyil, beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilə biləcəyini vurğulayan Azərbaycan Prezidenti, bu cür sammitlərin, ölkələr arasında fikir mübadiləsi aparmağa və təcrübə mübadiləsinə şərait yaratmağa xidmət etdiyini bildirib. Ölkəmizin artıq bir neçə mühüm enerji layihəsinə start verdiyini və bu təşəbbüslərin həm milli, həm də qlobal miqyasda ekoloji tarazlığın qorunmasına yönəldiyini qeyd edən cənab İlham Əliyev Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gələcəkdə də qlobal səylərə dəstək olacağını və davamlı inkişaf üçün yeni strategiyalar hazırlayacağını bəyan edib.
Bu çıxış, Azərbaycan Respublikasının qlobal iqlim siyasətindəki mövqeyini gücləndirmək, beynəlxalq əməkdaşlığı təşviq etmək və davamlı enerji strategiyalarına verdiyi dəyəri nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycanın sədrliyi dövründə qlobal səviyyədə daha inklüziv müzakirələr aparılacaq, iqlim tədbirlərinin hər kəs üçün əlçatan və effektli olmasını təmin etmək məqsədilə müxtəlif tərəflərin maraqları harmonizasiya ediləcək. Bu yanaşma, COP29-u daha məhsuldar bir konfrans halına gətirəcək və iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin birgə fəaliyyətinə şərait yaradacaq".