“Mədəniyyət sahəsində çalışan şəxslər çox kiçik maaşla işləyirlər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva deyib.
“Mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı? Heç kimə sirr deyil ki, bu sahədə çalışan adamlarımız, aktyorlarımız, sənət adamlarımız, yazıçılarımız, rəssamlarımız, bəstəkarlarımız, kitabxana və muzey işçilərimiz çox kiçik bir maaşla çalışırlar. Həqiqətən bu insanlar çox fədakardır. Onlar bəzən öz işlərini atıb başqa işlə məşğul olurlar ki, gəlirlərini yaxşılaşdırsınlar. Gənclərin bu səbəbdən başqa istiqamətlərə yönəlməsi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir. Sənədli və bədii film çəkmək istədikdə, texniki personal çatışmır. Düşünürəm ki, insan kapitalına sərmayə qoymalıyıq”, - deyə komitə sədrinin müavini bildirib.
O qeyd edib ki, 65 yaşa çatan müəllimlərimiz, kitabxana işçilərimiz, aktyorlarımız var: "Onların təcrübəsindən yararlanmaq lazımdır. Vaxtilə elə aktyorlarımız olub ki, 85 yaşında teatr səhnəsinə çıxıb. Məncə bu, yaşla əlaqəli deyil. Düşünürəm ki, Əmək Məcəlləsinə yenidən baxmaq lazımdır. Mütləq yeni mexanizmlərin tapılması vacibdir".
Anar Kəlbiyev