ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “The Apprentice” televiziya şousunun prodüseri Mark Burnetti Böyük Britaniyaya xüsusi elçi təyin edib.
"Unikal" xəbər verir ki, D.Tramp bəyanatında Mark Burnettin diplomatik bacarıqlar və beynəlxalq nüfuzun unikal qarışığını bu vəzifəyə gətirəcəyini bildirib. Britaniyalı prodüser Mark Burnett Trampın ictimai imicinin formalaşmasında mühüm rol oynasa da, 2016-cı il prezident seçkiləri zamanı o, milyarderdən uzaq durmuşdu.
D. Tramp Mark Burnetti Böyük Britaniyaya xüsusi elçi təyin etməyin onun üçün böyük bir şərəf olduğunu deyib: “Televiziya prodüserliyi və biznes sahəsindəki uğurlu karyerası ilə Mark bu vacib rola özünəməxsus diplomatik bacarıqlar və beynəlxalq nüfuz gətirəcək”,- deyə o, açıqlamasında bildirib.
Mark Burnett “Survivor”, “Shark Tank”, “The Voice” və ən çox tanınan “The Apprentice” kimi televiziya tarixinin ən böyük şoularını yaradıb və istehsal edib. O, 13 dəfə “Emmy” mükafatına layiq görülüb.