Dekabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov Azərbaycanın son illərdə qazandığı uğurlarından geniş bəhs ediblər. Qeyd olunub ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır. Son 21 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Azərbaycanın iqtisadi, siyasi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi, tarixi ədalət bərpa edildi, 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Bu, milli qürurumuzun, milli kimliyimizin təqdimatıdır.  

Tədbirin sonunda YAP üzvü olan bir qrup fəal yubileyləri münasibətilə diplom və hədiyyələrlə mükafatlandırılıb. Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.