Prezident İlham Əliyevin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, iqlim dəyişikliyi  ilə mübarizə sahəsində apardığı siyasətə,  o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə töhfə vermək məqsədilə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycanın COP komandasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, ETSN, COP komandası və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, artıq bir neçə ildir ölkədə davam edən genişmiqyaslı ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasını təşviq etməyə, ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyin təmininə və iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənib. 

Azərbaycanın ekoloji sahədə, iqlim dəyişikliyi ilə mübarizədə regionun lider dövləti kimi təqdim edilməsi təbii ki, Azərbaycan dövlətinin, o cümlədən ölkə başçısı İlham Əliyevin  məqsədyönlü siyasətinin, əhalinin sağlamlığının qorunması və paralel olaraq ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ardıcıl və uzaqgörən fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir.