Azərbaycanda 2025-ci ilin yanvarın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntılı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacaq.

***

11:13

Azərbaycanda dekabrın 31-i saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub, əsasən Lənkəran-Astara zonasında intensiv xarakterli olub.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Astarada 44 mm, Lənkəranda 10 mm, Şamaxı, Oğuzda 5 mm, Neftçalada 4 mm, Qəbələ, Qobustan, Şəki, Xaçmaz, Altıağac, Cəlilabad, Sabirabad, Quba, Zaqatalada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 14 sm, Qrızda 6 sm, Şahbuzda 5 sm, Qusarda 1 sm-dir.

Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qəbələ, Qobustan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.