Dövlət maraqlarına zərbə?
21:39 20-07-2013
CƏMİYYƏT
Dövlət maraqlarına zərbə?
"Bütün bunlar düşmən dəyirmanına su tökməyə bənzəyir".
Hələ yüz il əvvəl Mirzə Cəlil yazırdı ki, gözlərimiz önündə bir Azərbaycan matəmgahı durur. Kimin xərcləməli pulu, töküləsi qanı varsa, bu yolda axıdılmalıdır! İllər keçib, zaman dəyişib, artıq qarşımızda müstəqil, güclü, daim inkişaf edən, bununla belə hələ də torpaqlarının 20 faizi düşmən tapdağında saxlanan, milyondan artıq qaçqın və məcburi köçkünü olan yeni bir Azərbaycan var.
Belə bir Azərbaycanı elə müstəqilliyin ilk illərindən başlayaraq həm xaricdə, həm daxildə sevməyənlər çox oldu. Hər kəs öz marağına uyğun "sevdi" Azərbaycanı. Sanki bunları nəzərə alaraq böyük Üzeyir bəy yazırdı: "Bir var sərhədlərimizi təhdid edən Denikinçilər, bir də var içimizdəki "Denikinçilər". İçimizdəkilər onlardan daha təhlükəlidir". Bu gün dövlətimizdə və ondan kənarda baş verənlər bu həqiqəti bir daha təsdiqləyir. Daxildəki bəzi qüvvələrin fəaliyyəti ölkəmizin xarici qüvvələr qarşısında əl-qolunu bağlamağa yönəlib. Bütün bunlar düşmən dəyirmanına su tökməyə bənzəyir.
Ermənistanda prezidentliyə namizədə qarşı sui-qəsd edilir, lakin Avropa ölkələri susub heç nə söyləmirlər. Yaxud bu ilin fevral ayında keçirilən prezident seçkilərindəki saxtakarlıq, qanun pozuntuları dünyanın gözü qarşısında baş versə də, Avropa qurumları burada "bəzi çatışmazlıqlar" olduğunu deyərək seçkilərin nəticələrini tanıyır.
Beynəlxalq təşkilatların, qurumların fəaliyyətindəki bu haqsızlıqlar, ikili yanaşmalar dövlət başçısı İlham Əliyevin də hər zaman qınağına tuş gəlir: "Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır".
Dünyadakı ikili standartların və haqsızlığın üzünü ilk dəfə 1992-ci ildə gördük. Məhz o vaxt torpaqları işğal altında və yüz minlərlə evsiz-eşiksiz insanı olan Azərbaycana qarşı ABŞ hökuməti "907-ci düzəliş"i qəbul edir. Həmin il erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan bu düzəliş hələ indiyə kimi tam ləğv olunmayıb. Bir faktı da vurğulayaq ki, ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayan və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edənlərdən idi. Doğrudur, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi, amma yenə ikili maraqlar və ikili standartlar göz önündədir.
Bu gün ABŞ-da özünə havadar axtaranlar onlardan bu düzəlişin hansı "zərurət"dən yarandığını və indiyə kimi niyə ləğv olunmadığını soruşsaydılar, daha münasib olmazdımı?
Bu yaxınlarda Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləməsi və bu fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalmasını hamı yaxşı xatırlayır. Onun həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut etdi.
Avropa İnsan Haqları Məhkəməsinə Ermənistandan daxil olan şikayət ərizələrinin sayı durmadan artır. Ermənistan KİV-ə müsahibə verən vəkil Lyusine Saakyan deyib ki, həmin şikayətlərin hamısında vətəndaşların hüquqlarının hakimiyyət tərəfindən pozulduğu göstərilib. Bu işlər üzrə büdcədən vətəndaşlara 440 min avro məbləğində cərimə ödənilib: "...Məhkəmələrdə özbaşınalıq və rüşvətxorluq baş alıb gedir. Vətəndaşlar məhkəməyə inanmırlar. Ermənistan məhkəmələrində ən xırda işləri belə rüşvətsiz həll etmək olmur. Bütün bunlara görə də yerli məhkəmə instansiyalarını keçdikdən sonra yaşadığı ölkədə ədalət tapa bilməyənlər AİHM-yə müraciət etmək məcburiyyətində qalırlar. Siyasi baxışlarına və hakimiyyətin cinayət əməllərini üzə çıxardıqlarına görə həbs olunmaq isə adi hala çevrilib. Bir çox halda məhkəmə orqanları ədalətli araşdırma aparmaq əvəzinə vəzifəli şəxslərin sifarişlərini yerinə yetirirlər".
Bütün bunlara baxmayaraq, içimizdəki "Denikinçilər" öz işində, öz qərəzli fəaliyyətindədirlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi: "Bu gün Azərbaycan hökuməti, siyasətçilər, nüfuzlu ictimai-siyasi təşkilatlar, media, tanınmış ziyalılar, Azərbaycan diasporunun fəalları bütün imkanlardan istifadə edərək Ermənistanın və erməni lobbisinin antiazərbaycan fəaliyyətinin ifşa olunmasına, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz "907-ci maddə"nin aradan qaldırılması üçün məqsədyönlü fəaliyyət daha da qətiyyətlə davam etdirilir. "Milli Şura"nın təmsilçisi reneqat Eldar Namazov isə Helsinki Komissiyasının "dinləmələrində" çıxış edərək Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması tələbini irəli sürür. Bu fakt "Milli Şura"da cəmləşmiş insanların antiazərbaycan xislətinin bariz nümunəsidir".
Alı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33