Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə söylədiyi fikirlər sülhə və ədalətə dair bir yol xəritəsi kimi qiymətləndirilməlidir. Mən, Basarkeçər rayonundan olan bir ziyalı kimi bu bəyanatın dünya ictimaiyyətini dərindən düşünməyə vadar edəcək mühüm bir çağırış olduğuna inamla baxıram.

Prezident İlham Əliyevin şəxsi liderliyi altında Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qaydada doğma torpaqlarına qayıtmasına dəstək göstərməsi, ədalət prinsiplərinin ön plana çıxarılması baxımından misilsizdir. Bu yanaşma, tarixi ədalətsizliklərin bərpası üçün zəmin yaratmaqla yanaşı, dünya üçün humanizm və insan haqlarına dair möhkəm örnək təşkil edir.

Cənab Prezidentin müsahibəsində vurğulanan bir fakt da Ermənistanın siyasi dairələrində dərin kök salmış irqçilik və radikal millətçilik ideologiyasının mövcudluğunu bir daha qabartmış oldu. Bu ideologiya, təfərrüatlarına vardıqda, Levon Ter-Petrosyanın "yad millətlərdən təmizlənmə" kimi qəbuledilməz siyasətə haqq qazandırmasından tutmuş, Robert Köçəryanın "ermənilər və azərbaycanlıların etnik uyğunsuzluğu" ıddialarına qədər bir sıra irqçi çıxışları özündə ehtiva edir. İkincisi, bu radikal çıxışları,

Ermənistanın gələcəyə dair qurduğu planlarında sülhün mümkün olmadığının açıq bir göstəricisidir.

Ermənistanın Qərbi azərbaycanlılara qarşı törətdiyi deportasiya və kütləvi zülmlər, tarixin qaranlıq səhifələrində qala bilməz. Bu hadisələrin inkar edilməsi, sülh və dialoq üzərindən gələcək qurmaq üçün təməl prinsiplərə ziddir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın üzr istəməsi, tarixi ədalətsizlikləri tanıması və Qərbi azərbaycanlıların evlərinə qayıtmasına şərait yaratması vacibdir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bizim yanaşmamız sülh və regional təhlükəsizlik prinsiplərini qlobal səviyyədə təbliğ edir. Ermənistanın militarizasiya siyasəti, bu coğrafiyada dayanaqlı inkişafa əngəldir. Ona görə də Ermənistanı təcili olaraq silahlanma siyasətini dayandırmağa və kommunikasiya xətlərini açmağa çağırırıq.

Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması təkcə bir xalqın deyil, bütün bşəriyyətin tarixə olan borcudur. Bu prosesin uğurla həyata keçirilməsi, Azərbaycan Prezidentinin möhkəm liderliyi, beynəlxalq ictimaiyyətin dəstəyi və sülhə olan ülvi inancımızın sayəsində mümkün olacaq. Biz, öz doğma torpaqlarımıza qayıdacağıq və bu yolda yeni tarix yazmaq üzrəyik.

Qeyd etmək istərdim ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması, dayanaqlı sülhün təminatıdır. Prezident İlham Əliyevin liderliyi altında bu dönüm nöqtəsinin gerçəkləşəcəyini böyük inamla gözləyirik. 

Aqşin Kərimov
AzMİU-nun dosenti, Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan ziyalı