YAP Yasamal rayon təşkilatı və “M.Naxçıvani küç.29” (Azərbaycan İlahiyyat İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Ulu öndər Heydər Əliyevin siyasi kursu milli-mənəvi dəyərlərimizin qorunmasının ən böyük təminatçısıdır” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, ərazi üzrə partiya təşkilatının üzvləri, İnstitutun professor-müəllim heyəti və tələbələr iştirak edib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Aqil Şirinov bildirib ki, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin əsas qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də milli-mənəvi irsi, məfkurəsi və düşüncə sistemi təşkil edir. Zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına qiymətli töfhələr vermiş, mədəniyyət aləmində özünəməxsus mövqe nümayiş etdirmişdir. Bu gün də Azərbaycan dövləti və xalqı bir çox sferalarda ümumdünya miqyasında qəbul olunacaq dəyərlər formalaşdıra bilir. Müasir dövlətçiliyimizin təməlini möhkəm özüllərlə qoymağı bacaran Ümummilli Lider Heydər Əliyev böyük tarixi mərhələlərdən, sınaqlardan üzüağ çıxmağımıza səbəb olmuşdur. Onun xilaskarlıq missiyası da milli dəyərlərin mühafizəsinə yönəlmiş tarixi addım idi. Bu gün milli mənəvi dəyərlərimiizn qorunması istiqamətində əldə olunan müsbət nəticələr heç şübhəsiz Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə bağlıdır.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə möhkəm zəmin yaradıb Müasir dünya sivilizasiyası nə qədər inkişaf etsə nə qədər böyük elmi kəşflərə imza atsa da, mənəvi dünyanın əsas lokomotivi hər zaman mənəvi dəyərlər sayılıb. Mənəvi dəyərlərlə müasirliyin tendensiyası bəşəri tərəqqinin ən əsas ünsürlərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında zəmin rolu oynayacaq qədər böyük əhəmiyyət daşıyır. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri olan Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Milli dəyərlərimizin dünyaya tanıdılmasında müstəsna rolu olan Ulu Öndər xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara milli-mənəvi dəyərlərə sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. Xarici səfərlərdə Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin Ulu Öndəri müşayiət etmələri ənənəyə çevrilmişdi. Nə xoş ki, Ulu Öndərin ənənələri bu gün də yaşayır, inkişaf edir, uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev milli mədəniyyətimizin qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının qarantı kimi çıxış edir.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, tarixi İpək Yolu üzərində yerləşən, Şərqlə-Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. B.Nəbiyev qeyd edib ki, bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində prioritet istiqamətlərdən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi bu siyasətin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran B.Nəbiyev bildirib ki, hazırda Azərbaycan mənəvi sərvətimiz olan multikultural və tolerant dəyərlərin dünyada ən böyük ixracatçısına çevrilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.