Türkiyə hökumətinin makroiqtisadi sabitliyə və struktur islahatlara yönəlmiş səyləri zamanın sınağından çıxıb. Son illərdə əldə edilən nailiyyətlər və 2026–2028-ci illəri əhatə edən Orta Müddətli İnkişaf Proqramı ölkə iqtisadiyyatının bünövrəsini daha da möhkəmləndirəcək.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz cari ilin ikinci rübünə dair statistik göstəriciləri şərh edərkən deyib.

Vitse-prezidentin sözlərinə görə, 2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz böyüyüb.

“Regionda və qlobal miqyasda gərginliyin davam etməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatı müsbət artımını qoruyur”, – deyə o, vurğulayıb.

Yılmaz əlavə edib ki, hesabat dövründə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə orta iqtisadi artım 1,7 faiz, avrozona üzrə isə 1,4 faiz təşkil edib.

Vitse-prezidentin sözlərinə görə, Türkiyə iqtisadiyyatı artıq ardıcıl 20 rübdür böyümə nümayiş etdirir.

Yılmaz, həmçinin qeyd edib ki, bu ilin ikinci rübünün nəticələrinə əsasən, Türkiyənin ümumi daxili məhsulunun (ÜDM) həcmi 1 trilyon 474 milyard dollar, adambaşına düşən ÜDM isə 17 min dollara yaxın olub.