Azad Rəhimova olduqca maraqlı bir xatırlatma
20:03 23-07-2013
CƏMİYYƏT
Azad Rəhimova olduqca maraqlı bir xatırlatma
Və ya nazir illər əvvəl verdiyi sözü tutacaqmı?
Azərbaycanda olimpiya-idman komplekslərinin (OİK-lər) inşasının geniş vüsət aldığı məlumdur. Azad Rəhimovun rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyinin nəzarəti altında inşa olunan bu komplekslərin tikintisində korrupsiya hallarının geniş yayıldığı hər kəsə məlumdur.
Amma biz bu yazıda fərqli bir məqama toxunacağıq. Söhbət Rəhimovun üzə çıxardığımız, xeyli əvvələ təsadüf edən açıqlamasından gedir. Belə ki, 2000-ci illərin sonlarına doğru, daha dəqiq desək, 2008-ci ildə gənclər və idman naziri gözlənilməz açıqlamalar vermişdi. Həmin açıqlamalarında nazir hökumətin ölkədə Olimpiya İdman Komplekslərinin tikintisi ilə qarşıya qoyduğu məqsədlərə elə də nail olmadığını etiraf etmişdi.
Nazir jurnalistlərlə söhbətində bildirmişdi ki, bəzi OİK-lər təyinatı üzrə fəaliyyət göstərmir, onlardan başqa məqsədlər üçün istifadə olunur. Əksər rayonlarda sakinlərin pul verib OİK-lərdən istifadə etməsinə imkanı çatmır. Nazir ümumiyyətlə fəaliyyət göstərməyən OİK-lərin olduğunu da demiş və konkret ünvanlar da göstərmişdi: "Elə olimpiya kompleksləri var ki, oranı ot-alaq basıb. Lənkəran, Bərdə və Şamaxıda olimpiya komplekslərinin qapıları əksər hallarda bağlı olur".
Belədə təbii bir sual ortaya çıxırdı ki, əgər istifadəyə verilən OİK-lər təyinatları üzrə fəaliyyət göstərmirlərsə, yəni onların tikintisi idmanın inkişafına həlledici xidmət etmirsə onda yeni-yeni belə komplekslərin tikintisi üçün büdcə pullarının xərclənməsinə ehtiyac varmı? Maraqlıdır ki, həmin vaxt nazir bu sualın cavabını verməkdə çətinlik çəkmişdi. O, jurnalistlərin "Olimpiya komplekslərindən narazı qaldığınız halda, daha 23 belə qurğunun inşasına nə ehtiyac var" sualına tutarlı cavab verə bilməmişdi. Nazir bildirmişdi ki, olimpia kompleksləri onun rəhbərlik etdiyi nazirliyin tabeçiliyində deyil. Kompleksləri onun tabeçiliyinə versinlər və bir ildən sonra işinin öhdəsindən gələ bilməsə vəzifəsindən çıxarsınlar.
Həmin vaxt OİK-lər Gənclər və İdman Nazirliyinə tabe deyildi və bu, məntiqsizlik yaradırdı. Ölkədə idman siyasətini həyata keçirən qurum Rəhimovun nazirliyidirsə, olimpiya-idman kompleksləri də məntiqlə bu nazirliyin balansında fəaliyyət göstərməli idi.
Rəhimovun uzun müddət davam edən səyləri bəhrəsini verdi və 2011-ci ildə Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında qərar verdi. Baş nazir Artur Rasizadənin imzaladığı qərarla siyahıya məhz olimpiya-idman kompleksləri də daxil edildi.
Maraqlıdır ki, bundan cəmi bir il sonra gənclər və idman naziri artıq OİK-lər haqqında fərqli fikirlər səsləndirməyə başlamışdı. Məsələn, o, Rusiya KİV-lərindən birinə müsahibəsində demişdi ki, regionlarda tikilən OİK-lər "böyük uğurla həyata keçirilən ən gözəl siyasət"dir: "Məhz Bakı şəhərində idmanın inkişafı üçün çox böyük işləri görüb qurtarandan sonra regionlarda da bu fəaliyyətə başlamaq olardı. Hazırda regionlarda da idman infrastrukturunu genişləndirməklə, idmanla məşğul olan gənclərin sayını artırmış olub, daha böyük uğurlar əldə edə bilirik".
Belə çıxırdı ki, 2000-ci illərdə ölkədə idmanın inkişafına bir o qədər də töhvə verməyən OİK-lər Azad Rəhimovun nazirliyinin tabeçiliyinə verildikdən cəmi bir il sonra artıq "böyük uğurların əldə olunmasına" töhvə verməyə başlayıb. Bunun nə qədər inandırıcı ola biləcəyini, bir ildə belə "nəhəng dönüş"ün nə qədər ağlabatan göründüyünü oxucuların ixtiyarına buraxır, nazirin illər əvvəlki açıqlamalarındakı bir məqamın üzərinə qayıdırıq. Yəni komplekslər onun tabeçiliyinə verilərsə, bir ildən sonra işinin öhdəsindən gələ bilməsə vəzifəsindən çıxarılmağa hazır olduğuna dair dedikləri üzərində dayanmaq istəyirik.
OİK-lər gənclər və idman nazirinin nəzarətinə keçdikdən sonra ayrı-ayrı rayonlardakı bu cür qurğular haqqında mətbuatda yazılanları qısaca xatırladaq:
- Keçən il KİV İmişli rayonunda 2011-ci ildə istifadəyə verilən ikimərtəbəli və 5 hissədən ibarət kompleksin bəzi zallarının ayrı-ayrı sahibkarlara icarəyə verildiyini. "Hazırda isə kompleksin çox hissəsi çay evi kimi istifadə olunur" deyə mətbuat yazıb.
- Yenə ötən il mətbuatın yazdığına görə Göyçay Olimpiya Kompleksinin zalları da icarəyə verilib. Pulsuz məşq etməli olan idmançılardan hər ay pul tələb olunur. Kompleksin ayrı-ayrı zallarının sahibkarlara icarəyə verildiyi komplekslə bağlı rayon idmançıları dəfələrlə şikayət etsələr də, bir xeyri olmayıb.
- Bəzi rayonlarda olimpiya-idman komplekslərinin zallarının kompüter oyunları salonu və s. kimi istifadə edildiyi, kimlər üçünsə şəxsi qazanc vasitəsinə çevrildiyi də mətbuatda yazılır.
- Bəzi KİV-lər əksər rayonlarda komplekslərin qapılarının günlərlə açılmadığını, sadə vətəndaşların bu qurğulara üz tutmadığını, həmin komplekslərdə il ərzində bir-ikidən artıq idman turnirinin keçirilmədiyini, bəzi rayonlarda idmançıların pul dərdindən şəxsi zallara üstünlük verdiyini qeyd edir. Bəlkə elə bütün bu effektsizliklərə görə idi ki, ötən ilin noyabrında millət vəkillərindən Qüdrət Həsənquliyev parlamentdəki çıxışında demişdi: "Torpaqlarımızın işğaldan azad olunması üçün ciddi addımlar atılmalıdır. Ölkədə olimpiya komplekslərinin tikintisi dayandırılmalı, onlara ayrılan pullar hərbi büdcəyə yönəldilməlidir".
Bu qeydlərdən sonra bizə maraqlıdır ki, Azad Rəhimov "OİK-lər mənim nəzarətimə verildikdən bir il sonra işimin öhdəsindən gələ bilməsəm İşdən çıxarsınlar" şəklində dediyi sözlərin üstündə dayanırmı?
Axı aradan bir il yox, iki il keçib. Mənzərə isə göz önündədir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49