Elmar Məmmədyarov öhdəliklərin icrasını tələb etdi
21:18 24-07-2013
CƏMİYYƏT
Elmar Məmmədyarov
öhdəliklərin icrasını tələb etdi
Azərbaycan beynəlxalq qurumlarla münasibətlərini aydınlaşdırır
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən Brüsseldə Avropa İttifaqı üzv ölkələrinin və Şərq Tərəfdaşlıq ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşündə iştirak edib.Bu toplantıda Elmar Məmmədyarovun iştirak etməsi bir neçə amilə görə prinsipial əhəmiyyət daşıyır.
İlk növbədə ona görə ki, hazırda Milli Şura,başda Rüstəm İbrahimbəyov olmaqla Avropada dayaq axtarırlar və bir sıra görüşlər keçiriblər. Belə görüşlərin zərərsizləşdirilməsi üçün hakimiyyət nümayəndələrinin də bu cür addım atmasına ehtiyac vardı. Bundan başqa Dağlıq Qarabağ probleminin həlli istiqamətində də aktivlik yaranıb və tərəflərin xarici işlər nazirlərinin görüşləri olub. Və nəhayət başqa bir məqamda Azərbaycanla bəzi beynəlxalq qurumların, o cümlədən Avropa İttifaqının münasibətlərini yenidən gündəmə gətirməyə ehtiyac yaranmışdı. Belə ki, ölkədə prezident seçkiləri olacaq və hazırda beynəlxalq qurumlarda, o cümlədən Avropa İttifaqında erməni lobbisi kifayət qədər aktivləşib. Hətta erməni lobbisinin təsirində olan müəyyən qüvvələr Azərbaycan əleyhinə qərarlar belə çıxartmağa cəhd ediblər. İndi isə qayıdaq son görüşlərə.Görüşləri Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin vahid təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle bu toplantıya sədrlik ediblər. Tədbirdə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər.
İştirakçılar Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti, onun Varşava Sammitindən bu günə qədər əldə edilmiş nailiyyətləri, Vilnüs Sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığında fəaliyyəti və ümumiyyətlə Aİ ilə əməkdaşlıq dialoqu barədə bəhs edərək, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib. O, Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb.
Nazir Cənubi Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağında müstəsna rol oynayacağını qeyd edib. E.Məmmədyarov Aİ ilə Viza Rejiminin Asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini vurğulayıb.
Ekspertlər hesab edir ki, əslində Elmar Məmmədyarovun qaldırdığı məsələ mühüm məsələdir. Belə ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa başlayanda tərəflər üzərlərinə konkret öhdəliklər götürüblər. Amma bu günə qədər Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirsədə beynəlxalq təşkilatlar, həmçinin Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33