Bolu Kartalkaya xizək kurortunda 238 nəfərin qaldığı "Grand Kartal" hotelində baş verən yanğında 76 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, Türkiyəni yasa boğan fəlakətdən sağ qurtulanlar da olub.  

Belə ki, alovların arasından 4 uşağını və həyat yoldaşını yataq örtüyü vasitəsilə 8-ci mərtəbədən düşürən Ömer Sarı yerli mətbuata danışıb. O, hadisə baş verən siqnalizasiyanın işə düşmədiyini və yanğın nərdivanının içəridə olduğunu bildirib.

"Qapımız döyüldü. Çölə çıxanda dəhlizin duman içində olduğunu gördük. Çöldə yanğın nərdivanı yox idi. İçəridəkinə də tüstüdən gedə bilmədik. Bu səbəbdən yataq örtüklərini bir-birinə bağlayıb 8-ci mərtəbədən yerə salladıq. 4 övladım, həyat yoldaşım və  otağımızda olan 4-5 nəfər örtük vasitəsilə yanğından qurtuldu. Bəxtəvər insanlardanıq".