Ehtiyacla istedadın qarşıdurması
21:19 24-07-2013
CƏMİYYƏT
Ehtiyacla istedadın qarşıdurması
Yazı-pozu əhlinə ev verilməsini içinə sindirə bilməyənləri anlamaq olmur. Özəlliklə də bu sferada çalışanlardan mənzil almış həmkarlarına qarşı təhqiramiz fikirləri qınamaq lazım. Bu peşənin əlahiddəliyini qəbul etməsəm də, hər halda onlarla evsiz Azərbaycan ailəsinin neft pullarında payı olmasını hiss etməsi, bu dövlətdə onlara da dəyər verilməsini görməsi heç də pis duyğu sayılmaz. Bununla belə bu aksiyanın adı necə qoyulmalıdır?
Humanizm, sosial ədalətin bərpası, cəmiyyətin daha vacib bir təbəqəsinə xüsusi diqqət, yoxsa sıradan bir siyasi gediş?
Etiraf olunmalıdır ki, bu ilk növbədə hakimiyyətin hər zaman problem yaşaya biləcəyi bir kəsimi neytrallaşdırma siyasətidir. Əlbəttə, ağlı başında olan bütün iqtidarlar bu addımı hansısa yolla atmalıdırlar. Narazı, aztəminatlı, kirayədə, gecəqonduda yaşayan müəllimin, alimin, həkimin, tibbi personalın, məmurun, işçinin narazılığını ifadə etmə çərçivəsi hətta bir siyasi partiyanın və ya qaçqın statusunda olan soydaşlarımızın çərçivəsindən də xeyli dardır. Heç olmazsa, siyasi partiyalar, əzab-əziyyət bahasına olsa da, Fəvvarələr Bağında bir-iki dəfə "Azadlıq!" qışqırıb ürək ağrılarını çölə tökə bilirlər. Heç olmazsa kompakt bir qəsəbədə və ya binada yaşayan qaçqınlar maigstral yolu kəsib problemlərinə diqqət cəlb edə bilirlər. Media əhli isə qələmin irəlisi və gerisi ilə istənilən hədəfi ağlama və qaralama imkanına sahib olduğundan, onlara da bu formada xüsusi imtiyazlar tanınmaqda. Digər tərəfdən bizdə ən canlı Sendika, yəni Həmkarlar Birliyi sistemi media sahəsində özünü göstərir və hakimiyyəti də özü ilə hesablaşdırır. Burada əlbəttə ki, xarici beynəlxalq təşkilatların, böyük dövlətlərin insan azadlığını konkretləşdirmək istəmədiyindən, "Media azadlığı" terminini manipulyasiya etməsi də ciddi rol oynayır. Heç bir hakimiyyət media məsələsində, jurnalıstlərlə açıq savaş zəminində onların qara siyahısını düşməyi arzulamır. Ona görə də hər bir iqtidarın çalışdığı yalnız öz siyasətini təbliğ edən media sistemini gücləndirmək deyil, eləcə də "müxalifət yönümlü mətbuat" imicini səfirliklərdə və geridə qalmış cəmiyyətin şüuraltında qeydiyyatdan keçirmiş media quruluşları ilə dinc şəraitdə yaşama görüntüsünü gözə soxmaqdır.
Hazırda bizdə ən rahat iş də "müxalifət yönümlü mətbuatı" adı ilə tanınma və baş girləməkdir. Bircə müəyyən şəxslərə yönəlik təhqir yazma, qalan hansı imtiyaz istəsən, hamısı özlüyündən qapının ağzına düzüləcək. Dövlət Dəstəyi Fondu ən azı statistika üçün iqtidaryönlü mətbuatdan ayırmadığını nümayiş etdirmək üçün pulunu ayıracaq, mənzil paylananda siyasi mənsubiyyətə görə fərq qoyulmadığını göstərmək üçün mənzilinizi də verəcək, ayrı-ayrı təhlükəsiz mövzularda yazılara görə yazarlarına pul mükafatı da ayıracaq və beləliklə Gəray bəy demişkən, "gecələr də iqtidar təmsilçiləri ilə bir yastığa baş qoyub, söyəcəksiniz bizim qəbrimizə"...
Gecə-gündüz diktatura deyəcəyəm, avtoritarizm deyəcəyəm, diktaturanın, avtoritarizmin verdiyi hər şeydən yararlanacağam, artıq bu səmimiyyətsizliyin ağlabatan bir izahı qalmayacaq. Ona görə də maksimalist, barışmaz mövqe imitasiyası ilə sadə insanları aldatmaq əvəzinə, müxalifətyönlü deyil, həqiqətyönlü mətbuat olmağı əsas vəzifə olaraq görmək daha faydalı olardı.
O iradlarla razıyam ki, istedadlı qələm əhlinin pul qazanmaq imkanı olmalıdır. Əslində mətbuata dövlət dəstəyini artırmaq yox, mətbuatı özü-özünü maddi tərəfdən təmin edən bir sistemə çevirmək vacibdir. Dövlətin dəstəyi bilavasitə bundan ibarət olmalıdır. Mətbuatın kommersiya sektorunu, biznes strukturunu lazımsız əngəllərdən xilas etmək lazımdır ki, özü-özünü təmin edə bilsin, zənginləşə bilsin, reklam cəlb edə bilsin. Əslində Azərbaycanda dövlət dəstəyinə arxayın olan müftəxor mətbuat şəbəkəsi, mətbuat qurumları şəbəkəsi kök salmaqdadır. Hamıya bir çörək, bir minnət borcu olan mətbuat kimi tənqid edəcək, hansı problemi qabardacaq. Ancaq kiminsə sifarişi ilə kimisə hədəfə götürməkdən başqa bir məşğuliyyət qalmayacaq.
Biz demokratik cəmiyyət barədə azacıq düşünürüksə, iqtisadi islahatlari, sosial siyasəti elə bir istiqamətdə aparmalıyıq ki, ehtiyacı olan insanların bu durumdan qurtulması üçün imkanlar və fürsətlər yaransın. İnsanlar işləsinlər, qazana bilsinlər, ev alsınlar, təhsil alsınlar. Dövlət dəstəyi mücərrəd "ehtiyacı olan"dan daha çox, konkret "istedadı olan" üzərinə yönəlməlidir. Mexanizm təqribən aşağıdakı kimi düşünülə bilər: Cəmiyyətin fərqli sahələri təmsil edən obyektiv və sayğın insanlar prezident yanında yaradılmış bir komissiyaya daxil edilir və harada evsiz-eşiksiz istedadlı jurnalist, alim, yazar, rəssam, peşə adamı, məmur, müəllim, həkim, idmançı, mühəndis və unuda biləcəyim başqa bir peşə adamı varsa, onları aşkara çıxarıb, problemlərinin həlli istiqamətində Prezidentə təkliflər verilməlidir. Yoxsa ikincə binadan, hətta üçüncü binadan bütün jurnalistlər ev almış olsalar belə, bu sosial ədalət olaraq qiymətləndirilməyəcək.
Burada nə yazmağımadan asılı olmayaraq, jurnalistlər də daxil, bütün Azərbaycan vətəndaşlarının evinin olması, layiqlı yaşaması üçün bir Allah bilir ki, ən çox dua edənlərdən və sevinənlərdənəm biriyəm...
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33