Rüstəm və Söhrab
17:22 25-07-2013
CƏMİYYƏT
Rüstəm və Söhrab
Səhranın qaralmış günəşi
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun siyasi bəyanatlarını oxuyanda da siyasətə azacıq bələd olan insanın gözləri yaşara bilər.
Ondan ki, siyasətdə belə səthi, dayaz biliklərə və bacarıqlara malik insan ölkənin dövlət başçısı postuna iddialı olduğundan onun "xalqım" dediyim millətin halının nə olacağını düşünmək acıdır.
Çox acı, hətta "Səhranın bəyaz günəşi"nin qaralmış işığını dağıtmaq üçün tonqal yandırılsa belə, kəsif tüstüsü çirkli siyasətin pis qoxusunu qova bilməz.
O qoxu, deyilən sözlər, xırıltılı səslə söylənən şüarlar da acıdır.
Rüstəm İbrahimbəyov və onun yavəri Eldar Namazov siyasətdən, xalqın gələcəyindən istədikləri qədər danışıb bol vədlər verə bilərlər.
Qoy, danışsınlar.
Siz onların gözlərinə baxın.
Danışanda qaçan, oynayan, zəndli nəzərləri oğrun baxışlarla əvəzləyən gözlərə.
Hiylə, fənd, şirnikdirmə nişanələrinin olduğu baxışlar yetərincə açıq şəkildə bəlli məsələlərin dürüst olduğunu göstərmirmi?
Azərbaycanın müstəqilliyinin ilk illərindəki siyasətçilər artıq kölgəyə çəkilib və indi ortada şəhər meydanında kütlənin qırışığını açan adamlara bənzəyən şəxslərdir. Ölkənin intellektual siyasəti çoxdan və qeyri-təbii yolla ölüb: o adamlar utandıqlarından danışmırlar artıq, çünki müxalifətin lideri olduqlarını deyən insanların əməllərinin absurdluğunu görüb heyrətlənməkdən usanıblar.
Bəs o adamların
yerini kim tutub?
Siyasi şüurun ucuzlaşması, məntiqin devalvasiyası, fikir yoxsulluğu, üstəlik, daxilə, batinə yönəlmiş dağıdıcı fəaliyyət Azərbaycan müxalifətinin intiharı oldu.
Danışanlar, Milli Şuranın rəhbərliyi olduğunu deyənlər, müsahibələrində kütlənin hisslərinə xitab edərək oktyabrda keçiriləcək prezident seçkilərində Rüstəm İbrahimbəyova səs verməyə çağıranlar siyasiləşmiş aşıqlar, bir də onların yan-yörələrində hələ də marazmatik şüarlara inanaraq ümidlərini göyərdənlərdir.
Kinodramaturq çox çalışdı, heyhat: onu ciddi siyasətçi kimi qəbul etmədilər.
Sonra Rusiyada kinodramaturq İbrahimbəyov əvvəlcə rejissor Nikita Mixalkov, sonra çox yüksək rütbəli məmur Vladislav Surkovla münaqişələrə başladı.
Uduzdu.
Belədə, Rüstəm İbrahimbəyov Azərbaycan siyasətinə pənah gətirərək burada möhkəmlənməyə çalışdı, amma dürüst qapını seçmədiyindən yanıldı.
Ən azı ona görə ki, iddialarının tam tərsinə olaraq, İbriahimbəyov Azərbaycan müxalifətində və ümumiyyətlə, tutduğu kiçik müstəvidə belə, oynamaq istədiyi mənəvi hakim rolunun öhdəsindən gələ bilmədi.
Milli Şuranın sədri indi müxalifətin siyasi gündəmini formalaşdırmağa çalışır, lakin fərqinə varmır ki, əslində gündəm onu formalaşdırmaqda, əyməkdə, sonra da yenidən, sifarişçilərin müəyyənləşdirdikləri qəlibə uyğun hala salmaqdadır.
Rüstəm İbrahimbəyov indi özünü Şərqi Avropada "məxməri inqilablar"ın lideri olmuş ziyalılara bənzədir. Lakin həmin məşhur ziyalılar, tanınan intellektuallar separat danışıqlara getmir, ölkənin mənafeyini şəxsi maraqlarına qurban vermir, yaşadıqları dövləti başqa ölkələrin tapdağı altına salmağa razılıq verərək marionetka rolunu oynamağa boyun olmurdular.
Məhz bu və digər, sadalamağa ehtiyac duymadığımız bəlli səbəblərdən Şərqi Avropadakı intellektuallar cəmiyyətin inandıqları insanlar, kütlənin liderləri, müxalifətin mənəvi hakimləri idilər. Rüstəm İbrahimbəyov isə şəxsi biznesi ilə siyasəti, yaradıcılıqla ambisiyaları qarışdırdığından nəyin harada başlayıb nə ilə qurtardığını bilmir.
O, boyuna başqalarının biçdiyi rolun fəsadlarını anlamırsa, sadəcə, siyasi sadəlövhdür və aldanmış insandır. Beləsini bağışlamaq olar.
Yox, əgər İbrahimbəyov qatıldığı oyunun təfərrüatlarını, incəliklərini, məqsəd və fəsadlarını anlayırsa, onda belə şəxsin prezident seçkilərinə müxalifətin vahid namizədi qismində qatılmaq bir yana - ümumiyyətlə, Azərbaycanda xalqın yox, konkret vətəndaşın adından belə, danışmağa əsla haqqı yoxdur.
Siyasi cüzamı yaymağa çalışan insan mənəvi karantinə salınmalıdır.
Bəlkə, içdən təmizlənə, boykot edildiyi dövrdə, can atdığı siyasətdən dışlandığı məqamda səhvləri azacıq da olsa, içini göynədə.
Təbii, bunların illüziyalar olduğunu bilirik, çünki siyasətlə tamah çulğalaşanda nəticə şüurun yuxusuna çevrilir.
Onillər boyu nomenklatur ziyalı, sovdepiya carçısı olmuş bu adamın indi "qəflətən" Milli Şura sədri kimi siyasi gündəmi zəbt etməyə çalışması, göstərdiyi cəhdlər acınacaqlı təəssüratlar yaradır.
Rüstəm İbrahimbəyov varidatını artırdığı zamanlarda nədən indi dil boğaza qoymadığı "mənim xalqım"ı düşünmür, aldığı preferensiyalar və imtiyazların heç olmasa birindən (!) imtina edərək səsini ucaltmırdı?
Çünki o, şəraitdən və zamandan yararlanmağa çalışan Çiçikov, səsini qaldırmağa qorxaraq susmağa üstünlük verən Akaki Akakiyeviç, güclü saydığı insanın qılıncının altından keçərək başqaları üçün hazır tutduğu qəməni qorumağa çalışan Yalıncıqdı.
Təbii, Rüstəm İbrahimbəyov əvvəlki illərin məntiqli səxavətindən yararlanaraq danışmırdı, vəziyyətdən faydalanırdı.
Malikanələr, şirkətlər, villalar, hektarlarla ərazilər, bağlar, imtiyazlar, radiostansiyalar - xatirinizdəmi, Rüstəm İbrahimbəyov?
Tərəfdarlarınız "o kişi pulu Orada qazanıb, Bura gətirib" deyir, Müqəddəs Yanuari ağlaşmalarını vaysınma fəryadlarına qatırlar və üstəlik, qeyzlənirlər ki, paho, "o cür kişiyə bu cür sözlər" deyirik.
Cənab İbrahimbəyov, bir sual: "Europa +" yadınızdan çıxmayıb?
Bizlər hələ o vaxtlar, Rüstəm İbrahimbəyov üçün gur səslə danışdığı xalqının mənafeləri "Europa" və "+"dan da həmçinin ibarət olduğu illərdə deyirdik ki, nədən cəmiyyətin sistem problemlərinə susur?
İbrahimbəyov susqunluğu ilə bağlı suallarımızı sükutla qarşılayırdı, çünki onurğası sınmış ziyalılar zümrəsindən olduğundan danışmaq istəmirdi.
O onurğanı biznes maraqları sındırmışdı və sonradan məhz o maraqlar İbrahimbəyovun qəlbində intiqam, qisas, "əldən alınmış varidat"ı qaytarmaq yanğısını alovlandıraraq onu "qəflətən" nifrət etdiyi siyasətə "itələdi".
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycan müxalifətinin ən qrotesk fiqurlarından birinə çevrilib.
Belədirsə, "İbrus", torpaq sahələri və ilaxır qaytarılarsa, Rüstəm İbrahimbəyov siyasətə yenidən nifrət edərmi əcəba?
Çətin sualdır. Səhranın qaralmış günəşinin bozumtul şüaları altında Söhrabın yanında durmuş Rüstəmin halını "Şahnamə"ni oxuyanlar bilərlər.
Bilməyənlər soruşsunlar...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49