"Rusiya-Azərbaycan münasibətlərində dönüş yaranacaq"
17:24 25-07-2013
CƏMİYYƏT
"Rusiya-Azərbaycan münasibətlərində dönüş yaranacaq"
"Azərbaycan Avrasiya və Gömrük İttifaqı məsələsində razılığa gələ bilər"
Azərbaycan şimal qonşusu Rusiya ilə gərginləşən münasibətlərin yumşaldılması fonunda yeni mərhələyə qədəm qoyması iki ölkə arasındakı əlaqələrdə mühüm rol oynaya bilər.
Bu barədə fikir söyləməyə son zamanlar səslənən politoloji rəylər də əsas verir. Bir müddət öncə isə Azərbaycanın Rusiyanın yeni SSRİ modeli hesab edilən Avrasiya İttifaqına qoşulmaqdan imtina etməsi münasibətlərdə müəyyən uçurumun yaranmasına gətirib çıxardı. Digər tərəfdən Azərbaycanın Qəbələ RLS-lə bağlı Rusiya ilə razılığa gələ bilməməsi də Kremlin əsəblərini yerindən oynatdı. Rusiya tərəfi Azərbaycanın seçdiyi müstəqil mövqeyinə görə ölkəmizə qarşı müxtəlif təzyiq vasitələrini işə salmaqla sanki bir qıcıq yaratmaq istəyirdi. Onsuz da əvvəldən bəlli mövqe sərgiləyən Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasını yenidən "unudaraq" işğalçı və təcavüzkar Ermənistana 2013-cü ilin əvvəlində hərbi texnika hədiyyə etməklə əslində rəsmi Bakıya üstüörtülü mesaj verdi. Lakin Azərbaycanın rəsmi Moskva ilə dalana dirənən münasibətləri kontekstində siyasi iradə və əzmkarlılıq nümayiş etdirməsi də nəzərdən yayına bilməzdi. Bundan sonra isə Kremlin Azərbaycan siyasətində müəyyən loyallaşma hiss olunmağa başladı.
Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan dövlət başçısı İlham Əliyevin telefon danışığı haqda deyilən siyasi təhlillər onu göstərir ki, artıq Rusiya Azərbaycan kimi bir dövlətlə siyasi əməkdaşlıqdan imtina edə bilməz. Növbəti dəfə isə Rusiya dövlət başçısı Vladimir Putinin ölkəmizə rəsmi səfərə gələcəyi ilə bağlı xəbərlərin yayılmasını rəsmi Moskva təkzib etsə də, bu da tam olaraq həqiqəti əks etdirmir. Soyuq siyasi münasibətlərin normallaşdırılması Rusiyanın da marağındadır. Bunu deməyə Kreml ideoloqu kimi tanınan, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duginin siyasi şərhi də əsas verir. "Putinin Əliyevlə ciddi söhbət etməsi və durumun aydınlaşması gərəkdir", - deyən A. Duginin bu bəyanatı da məsələyə əyani misaldır. Lakin ənənəvi ikiqütblülük fəlsəfəsinə də toxunan Hərəkat lideri Qarabağ münaqişəsinin həllini də bu prizmadan izah etməyə çalışıb. " Rəsmi Bakı ərazi bütövlüyünün zamini olaraq ABŞ, ya da Türkiyəni deyil, Rusiyanı görməlidir. Rusiya Azərbaycana böyük rəğbətlə yanaşır. Dost və müttəfiq olaraq ona ehtiyac duyur. Hazırda Moskva, Bakı, Yerevan və Tehran birlikdə Qarabağ münaqişəsini həll etməlidirlər. Ancaq ABŞ və Avropa Birliyi (AB) bu məsələdən kənarda qalmalıdır".
"Suriyadan sonra
Qarabağ"
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a məsələləri şərh edərkən bildirib ki, əslində bu cür bəyanatların arxasında Rusiyanın strateji maraqları dayanır. "Düzdür, Rusiyanın Qarabağ məsələsinin həll olunmasında çox böyük rolu var. Çünki bu münaqişənin yaradan və onu idarə edən də Rusiyadır. Onsuz da 20 ildir ki, Azərbaycan üzünü problemin çözülməsi Rusiyaya tutub", - deyə A. Duginin fikirlərinə münasibət bildirib. Siyasi ekspert vurğulayıb ki, Azərbaycan Rusiyadan dəstək almaq üçün bütün yolları sınaqdan keçirib. "Azərbaycan zatən Qərbə inteqrasiyasına gəlincə onu deyə bilərəm ki, bununla bağlı dəqiq seçim yoxdur. Azərbaycan hələ də tarazlaşdırılmış siyasi xətt yürüdür. Ölkəmiz ilk növbədə Rusiya ilə normal münasibətlərin tərəfdarı kimi çıxış edir. Rusiya isə siyasi kursunu yenidən ikiqütblü dünyanın formalaşması və bu qütblərdən birinə liderlik etmək iddiası üzərində qurub. Rəsmi Tehranı isə bu prosesə cəlb etməklə özünə siyasi tərəfdaş axtarışındadır. Rusiya və İran həm də Suriya məsələsində də eyni mövqedən çıxış edir. Əgər Moskva və Tehranın dəstəklədiyi Bəşər Əsəd rejimi qalib gəlsə o zaman Rusiya və İran bölgədəki proseslərin böyük əksəriyyətini öz nəzarəti altına alacaq. Ona görə də, Dugin Qarabağ münaqişəsinin çözümündə də Tehranın missiyasının vacibliyini dilə gətirib" - deyə Q. Hüseynli bildirib.
Rusiyadan
Azərbaycana xahiş - Azərbaycandan jest
Keçmiş dövlət müşavirinin fikrincə, Rusiya Azərbaycanı postsovet məkanında ən sanballı geostrateji müttəfiq hesab edir. "Ona görə də Qərbin də Azərbaycan kimi ölkələrə də strateji maraqlarının nəzərə alan Rusiya bizim ölkəyə çox böyük əhəmiyyət verir. Buna görə də bu gün Azərbaycan sürətlə inkişaf etməkdə olan iqtisadi və hərbi potensiala malik olduğundan Rusiya bizi öz tərəfinə çəkmək istəyir. Bu baxımdan Azərbaycan Rusiyaya Suriya qədər vacib bir ölkədir. Buna görə də münasibətlərin normallaşması üçün Rusiya ilk növbədə öz politoloqlarını işə salıb". Putinin Azərbaycana səfəri ilə bağlı deyilənlərə aydınlıq gətirən politoloq hesab edir ki, Rusiya həm də bununla ictimai rəy formalaşdırmağa çalışır. "Yəqin ki, Putin Azərbaycana səfərə gəlsə, həm Avrasiya İttifaqı, həm də Gömrük İttifaqı məsələsini müzakirə edəcək. Azərbaycandan bu birliklərə qatılmasını ən azından xahiş edəcək. Qarabağ məsələsi isə şirnikləndirici amil kimi ortalığa atılıb. Rusiya əgər Qarabağ məsələsində səmimi mövqe sərgiləsə və Ermənistanı dəstəkləməsə, Azərbaycan da enerji, ittifaqlar və s. məsələlərdə də Rusiyaya müəyyən kompromislərə gedə bilər. Ancaq öz suverenliyinə xələl gətirməyəcək əməkdaşlıq formaları çərçivəsində bu baş tuta bilər. Düşünürəm ki, Putinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərdə bir dönüş məqamı olacaq".
Aqşin KƏRİMOV
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49