Prezident İlham Əliyev XXVII Ümumdünya Yay Universiadasının qaliblərini qəbul edib
17:25 25-07-2013
CƏMİYYƏT
Prezident İlham Əliyev XXVII
Ümumdünya Yay Universiadasının
qaliblərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul edib.
Universiadada qazanılan böyük idman uğuru münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan idman dövləti olduğunu növbəti dəfə sübuta yetirib.
Dövlət başçısı qeyd edib ki, Kazanda keçirilən mötəbər yarışda Azərbaycanın himni dörd dəfə səsləndirilib, bayrağı 16 dəfə dalğalanıb, idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar. London Olimpiadasında 10 medal qazanan Azərbaycanda idmanın sürətlə və ardıcıllıqla inkişaf etdiyini deyən prezident İlham Əliyev yalnız qüdrətli dövlətlərin belə uğurlar əldə etdiyini bildirib. Dövlət başçısı respublikamızda idmanın kütləviliyinə nail olunduğunu və bu prosesin davamlı xarakter aldığını deyib, bu yaxınlarda Xaçmazda 38-ci Olimpiya İdman Kompleksinin istifadəyə verildiyini vurğulayıb. Ölkəmizdə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə dövlət qayğısının yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev Azərbaycan idmançılarının bundan sonra da böyük qələbələrə imza atacağına əmin olduğunu bildirib.
Universiadada qələbə qazanan idmançılara yüksək pul mükafatı verilməsi barədə müvafiq Sərəncam imzaladığını vurğulayan Prezident İlham Əliyev bir daha xalqımızı və ölkəmizin idman ictimaiyyətini əldə olunan böyük uğur münasibətilə təbrik edib.
Yunan-Roma güləşi üzrə universiadanın qalibi Rəsul Çunayev bu uğurun qazanılmasında dövlətimizin başçısının və xalqımızın dəstəyinin mühüm rol oynadığını deyib. O, milli komandamızın digər üzvlərinin də Kazanda keçirilən yarışlarda əzmlə mübarizə apardıqlarını vurğulayıb və qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirib.
Məşqçi Yaqub Məmmədov Kazanda keçirilən universiadaya 81 idmançı ilə qatılan ölkəmizin 10 idman növündə mübarizə apardığını, ümumi hesabda 15-ci fəxri yeri tutduğunu vurğuladı və bunun rekord göstərici olduğunu söyləyib. O, bu uğurların ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və hazırda müvəffəqiyyətlə davam etdirilən dövlət idman siyasətinin məntiqi nəticəsi olduğunu deyib. İdmançılara və idman mütəxəssislərinə hərtərəfli qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən Yaqub Məmmədov da qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Kazanda qazanılan böyük qələbə ilə idman aləmində növbəti dəfə öz sözünü deyib. Dövlət başçısı respublikamızda 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsinin də ölkəmizin mühüm uğurlarından biri olduğunu və bu mötəbər yarışa cəmi iki il ərzində Azərbaycanın ən yüksək səviyyədə hərtərəfli hazırlıq görəcəyini bildirib. Ölkəmizin idmançılarının bundan sonra da bütün mötəbər yarışlarda uğurla çıxış edəcəyinə əminliyini vurğulayan prezident İlham Əliyev tarixi qələbə münasibətilə bir daha xalqımızı və idman ictimaiyyətini təbrik edib.
Sonra dövlət başçısı Kazanda qazanılan böyük qələbədə əməyi olan idmançılar, məşqçilər və idman mütəxəssisləri ilə görüşdü, onlara ən xoş arzularını çatdırıb.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49