Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirini ölkənin cənubunda iki pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlı XİN-ə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Kişinyovdakı səfirini rəsmi izahatların verilməsi və bu qəbuledilməz hərəkətlərə qarşı kəskin etirazının bildirilməsi xahişi ilə təcili olaraq çağırmaq qərarına gəlib", - Moldova XİN-in bəyanatında deyilir.
Qeyd edək ki, fevralın 13-nə keçən gecə Moldovanın cənubunda iki pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Moldova hakimiyyət orqanlarının məlumatına görə, PUA-lar Moldova sərhədini keçib, bundan sonra onlardan biri Ciumai kəndi yaxınlığındakı kənd təsərrüfatı sahəsinə düşüb, ikincisi isə Ceadir-Lunqa və Valea Perjei şəhərləri arasındakı ərazidə partlayıb.
Dronların qəzaya uğradığı yerdə polis işləyir və araşdırma aparılır. Qeyd edilir ki, pilotsuz uçuş aparatlarının qalıqları ətraflı şəkildə öyrəniləcək.
Ağarza Elçinoğlu