Saat 14:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.

*** 12:52

Azərbaycanda yüksək dağlıq ərazilərdə mənfi 20 dərəcə şaxta olacaq.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 1-3° şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq.

*** 10:39

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.