Mediasiya prosesinin başlanması ilə bağlı qayda dəyişir.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.

Təklif olunan digər dəyişikliyə əsasən isə, tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edəcək.

Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılacaq.

Anar Kəlbiyev