Dövlət Dəniz və Liman Agentliyində (DDLA) cari il aprelin 1-4-də “Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “Gəmi agentlərinin hazırlığı” üzrə kurs təşkil olunacaq.

"Unikal" xəbər verir ki, məqsəd dəniz nəqliyyatı sahəsində yük və sərnişin daşımalarının təşkilində səmərəliliyin yüksəldilməsi, dəniz nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şərait yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, eləcə də gəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimuma endirilməsidir.

“Gəmi agenti haqqında Əsasnamə”də (https://e-qanun.az/framework/30408) nəzərdə tutulan tələblərə cavab verən hüquqi və ya fiziki şəxslər sözügedən kursda iştirak etmək məqsədilə Agentliyə rəsmi məktubla müraciət edə bilərlər.

Məlumat üçün bildiririk ki, gəmi agenti xidmətləri Azərbaycan Respublikasında qeydiyyata alınmış hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstərilə bilər.

Müraciət üçün son tarix 14 mart 2025-ci ildir. 

Müraciətlə bağlı hər hansı sual yaranarsa, Gəmi qeydiyyatı və təsnifat cəmiyyətləri ilə iş departamentinin Təsnifat cəmiyyətləri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Ayşən Şükürova (tel.: +99412 4974405 (daxili 254), e-mail: [email protected]) ilə əlaqə saxlamaq olar.