Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzinin rəhbəri, rektorun müşaviri, Mexanika kafedrasının professoru Azər Qasımzadə və Portuqaliyanın Dayanıqlı İnşaat İnstitutunun İdarə Heyətinin Prezidenti, Porto Universitetinin Mühəndislik fakültəsinin İdarə Heyətinin vitse-prezidenti, eləcə də Avropa İnşaat Mühəndisləri Şurasının (ECCE) İdarə Heyətinin üzvü professor Humberto Varum arasında işgüzar görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə zəlzələ mühəndisliyi, tikililərin seysmik dayanıqlılığının artırılması və infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat layihələrinin icrası və akademik mübadilə proqramlarının təşkili məsələlərini müzakirə ediblər.
Bununla yanaşı UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilmiş Portuqaliyadakı tarixi tikililərin konstruktiv təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühəndis qiymətləndirmələri aparılıb və müvafiq rəy və tövsiyələr verilib.
AzMİU ilə Porto Universiteti digər elmi tədqiqat mərkəzləri arasında mühəndislik sahəsində əməkdaşlığın gücləndirilməsi, ortaq elmi tədbirlərin təşkili, beynəlxalq tərəfdaşlıq layihələrində məsləhətçi və ekspert qismində iştirak, seysmik inşaat normalarının hazırlanması və müasir seysmik risklərin araşdırılması istiqamətində gələcək planlar nəzərdən keçirilib.