Martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası – yeni hədəflərə doğru” mövzusunda elmi-praktik konfrans keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad olunub.
Sonra məktəblilərin ifasında musiqi nömrələri təqdim olunub, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi və eksponatlara baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. YAP-ın yaranmasından və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın rayon təşkilatının 32 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edib.
Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiyanın yaranmasını Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. YAP-ın yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini vurğulayan Mixail Zabelin bu partiyanın yalnız azərbaycanlıların deyil, həm də ölkəmizdə yaşayan digər xalqıarın mənafelərinin ifadəçisi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov və Milli Məclisin deputatı Səbinə Xasayeva ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanın görünməmiş fəlakətlə qarşılaşdığı bir zamanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə təsis edilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs ediblər.
Konfransda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.