Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri həyata keçirilib.

"Unikal" xəbər verir ki, RİH  əməkdaşları tərəfindən rayon ərazisində monitorinq keçirilərkən Saray, Masazır kəndlərində, o cümlədən Xırdalan şəhərində qanunvericiliyin tələblərinə uyğun olmayan inşa işlərinin həyata keçirildiyi aşkarlanıb.

Belə ki, Saray və Masazır kəndlərində qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aşkarlanıb. İnşa işləri dayandırılıb və sökülüb.

Eyni zamanda Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllədə yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qanunsuz olaraq qazıntı işlərinin aparılmasının qarşısı Abşeron RİH əməkdaşları tərəfindən alınıb. RİH-in əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman məlum olub ki, binanın qeyri-yaşayış sahəsinin qarşısında vətəndaş tərəfindən heç bir icazəverici sənədlər əldə olunmadan gecə saatlarında binanın zirzəmi hissəsində qanunvericiliyin tələblərini pozmaqla ərazidə qazıntı işləri aparılıb. Bununla bağlı RİH əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, aparılan qeyri-qanuni fəaliyyət dayandırlıb, o cümlədən ərazinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülməkdədir. Görülmüş tədbirlər nəticəsində qazılmış hissə torpaq örtüyü ilə örtülüb və əlavə bərkitmə işləri həyata keçiririlir.

Üstəlik sözügedən əraziyə nəzarət tədbirləri gücləndirilib və bu kimi hallara yenidən yol verilməməsi üçün xüsusi tapşırıqlar verilib.

Əlavə olaraq qeyd edirik ki, qanunsuzluğa yol vermiş şəxs barəsində  inzibati tədbirlərin görülməsi məqsədilə tərəfimizdən hüquq-mühafizə orqanlarına da müraciət olunub.