02.03.2025-ci il tarixində sosial mediada Türkiyə Respublikası vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılmış və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülmüşdür.

"Unikal" xəbər verir ki, Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) qeyd olunan məqamı aydınlaşdıraraq açıqlama yayıb.

Açıqlamada deyilir:

"Qeyd etmək istərdik ki, M.Kılıc “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət etmişdir. M.Kılıçın müraciəti üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmışdır. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunmuş, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə etmiş və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunmuşdur. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir.

Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Əlavə olaraq qeyd etmək istərdik ki, tənzimlənən ixtisaslar kateqoriyasına aid olan müəllimlik, mühəndislik, hüquq, tibb və səhiyyə ixtisasları üzrə xarici kvalifikasiyaların peşə tanınması TKTA-nın sifarişi ilə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (müəllimlik, mühəndislik, hüquq ixtisasları) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (tibb və səhiyyə ixtisasları) tərəfindən keçirilən imtahanlarda uğurlu nəticə göstərildiyi təqdirdə verilir.

Digər tərəfdən, akademik şəhadətnamə əldə etmiş ərizəçi tam (akademik və peşə) tanınma əldə etmək istədikdə, TKTA-ya elektron qaydada təkrar müraciət edərək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqını ödəməklə təşkil olunan peşə tanınması imtahanında iştirak edir və müvafiq keçid balını topladığı təqdirdə tam tanınma əldə etmiş olur.

Məlumat üçün bildiririk ki, müraciətçilərə təqdim edilmiş şəhadətnamələrin həqiqiliyi https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə yoxlanıla bilər".