Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsi ilə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universiteti arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalanıb.
"Unikal" xəbər verir ki, görüşdə ATMU-nun rektoru İlham Mədətov, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Fərqanə Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq və maliyyə-iqtisadi məsələlər üzrə prorektor Sharof Shukhratov və Strateji inkişaf və beynəlxalq reytinqlər şöbəsinin baş mütəxəssisi Jovhar Museyibzada iştirak ediblər.
İkitərəfli əməkdaşlıq müqaviləsində tələbə və müəllim mübadiləsi, müştərək elmi-tədqiqat layihələrinin işlənib hazırlanması,o cümlədən birgə konfrans və seminarların təşkili nəzərdə tutulub. Həmçinin turizm sahəsində innovativ tədris metodlarının tətbiqini şərtləndirən əməkdaşlıq istiqamətinin gücləndirilməsi məsələsi də əksini tapıb.
Rektor İlham Mədətov əməkdaşlığın hər iki universitet üçün yeni imkanlar yaradacağını vurğulayaraq, beynəlxalq tərəfdaşlıqların təhsil sisteminin inkişafında mühüm rol oynadığını bildirib. Söhbət əsnasında Fərqanə Dövlət Universitetinin nümayəndələri birgə layihələrin həyata keçirilməsinə münasibət bildiriblər.