Dünyanın ən zəngin insanları gənc yaşda qalmağın və ölümsüzlüyün "çarə"sini nəhayət ki, tapıblar.
"Unikal" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Hondurasın şimal sahillərində yerləşən Roatan adası son illərdə adi turizm məkanından sağlamlıq sahəsində eksperimental mərkəzə çevrilib.
Məlumatına görə, adadakı "Minicircle" klinikasında tətbiq edilən ən diqqət çəkən müalicələrdən biri "follistatin gen terapiyası"dır. ABŞ-də qeyri-qanuni hesab edilən bu terapiya bədənə özünü bərpa etməyə imkan verən DNT molekullarının yeridilməsi ilə həyata keçirilir. 25.000 dollar (42 500 AZN) dəyərində olan prosedurun əzələ böyüməsini təşviq etdiyi, yağları azaltdığı və hətta, telomerləri uzatmaqla bioloji qocalmanı yavaşlatdığı da iddia olunub.
2024-cü ildə bu terapiyanı alan bəzi insanların bioloji qocalma nisbətinin 0,64 olacağı təklif edilib. Bu o deməkdir ki, hər 12 ayda bir qocalmış adi fərdlə müqayisədə müalicə alan şəxs yalnız 19 ayda bir qocalacaq. Bununla belə, bildirilir ki, bu metodun yalnız I Faza klinik tədqiqatları tamamlanıb, yəni elmi cəhətdən qəti sübut təqdim olunmayıb.
Digər tərəfdən Prosperanın müraciəti günü-gündən artsa da, adanın yerli əhalisi bu vəziyyətdən narahatdır. Ultra varlıların bölgəyə gələrək resurslardan istifadə etdiklərini, ancaq qapalı bir cəmiyyət kimi hərəkət etdikləri üçün adanın iqtisadiyyatına kifayət qədər töhfə vermədiklərini bildirirlər.
Gülayə Mecid