Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Tbilisi şəhər məhkəməsinin 9 illik hökmünü sürpriz adlandırıb.
"Unikal" xəbər verir ki, eks-prezidentin sözlərinə görə, bu cəza onun üçün “praktiki olaraq ömürlükdür”.
"Prezident administrasiyasının rəsmi xərclərinə görə məni praktiki olaraq ömürlük həbs etdilər... Bizi qorxutmayacaqlar! Birlikdə güc!" - Saakaşvili paylaşımında qeyd edib.
Martın 12-də Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Siyasətçi 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub. Bu iş Gürcüstanda “gödəkçə işi” kimi tanınır. İttiham tərəfinin fikrincə, ölkənin keçmiş prezidenti dövlət vəsaitindən gödəkçələr, paltolar, bahalı saatlar alıb, oğlunun təhsil haqqını ödəyib, həmçinin bir sıra kosmetik prosedurlar keçirib, lüks avtomobillər və təyyarə icarəyə götürüb.
Gülayə Mecid